Azərbaycan xalqı, onun mədəniyyəti, cəmiyyəti, sənayesi və tarixi haqqında geniş miqyasda məlumatın yayılması məqsədi daşıyan qeyri-siyasi, qeyri-kommersiya təşkilat olan Azərbaycan Amerika Alyansı Vaşinqton şəhərində Ağ Ev administrasiyası, ABŞ Konqresi, Diplomatik korpuslar, elm və mədəniyyət sahələrindən təxminən 700 qonağın iştirak etdiyi təntənəli şam yeməyi təşkil etmişdir. Tədbir Birləşmiş Ştatlar ilə Azərbaycan arasında inkişaf edən qarşılıqlı əlaqələri işıqlandırmaqla ABŞ-ın Cənubi Qafqaz regionunda əsas müttəfiqi olan ölkənin qədim tarixə malik zəngin mədəniyyətini təcəssüm etmişdir.“Bakılı qonaqlar ilə Vaşinqtonda bir axşam” adlandırılan qala-tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun dəstəyi təşkil olunmuşdu. Tədbirdə Azərbaycanın musiqisi və rəqsləri səsləndi və eləcə də Azərbaycan mətbəxinin ənənəvi yeməklərinin təklif olunduğu şam yeməyi verildi. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Asiya üzrə alt-komitəsinin sədri, Respublikaçı, Dan Barton (Dan Burton) giriş nitqi ilə çıxış etdi. Onunla birlikdə tədbirdə Konqresin aparıcı simalarından senator Seksbi Çemblis (Saxby Chambliss), senator Riçard Bur (Richard Burr) və Nümayəndələr palatasının spikeri Con Bohner (John Boehner) iştirak etdi. Digər qonaqlar arasında Vaşinqtonda yerləşən 40 səfirlikdən səfirlər və digər yüksək vəzifəli diplomatik nümayəndələr iştirak etmişdi. Öz çıxışında sədr Dan Barton Azərbaycanı və onun xalqını tərifləyərək qeyd etdi ki, ölkə onda güclü təəssürat yaratdı və əlavə etdi ki, “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir” O, öz həmkarlarına və tədbirdə iştirak edən qonaqlara Bakıya səfər etməyi və Azərbaycan ilə tanış olmağı təklif etdi. Sədr Barton həmçinin qeyd etdi ki, “Azərbaycan ilə əlaqələrin genişləndirilməsi çox mühümdür” və yeni bağlantıların yaradılmasında Alyansın fəaliyyətini xüsusilə qeyd etdi.“Bu tədbir musiqi, mətbəx, və mədəni mübadilənin yer kürəsinin iki nöqtəsində yerləşən xalqlar arasında necə dostluq, qarşılıqlı hörmət və anlaşma körpülərinin qurmasının fantastik nümunəsidir,” deyə Alyansın yaradıcısı Anar Məmmədov qeyd etdi. “Bu axşam Azərbaycanın bir çox istedadlı ifaçılarının ifasındakı gözəlliyi, qüvvə və enerjini gördükləri zaman qonaqlarımızın simalarındakı heyranlığı görmək inanılmaz idi. Fəaliyyətimizi davam etdirdikcə mən qarşılıqlı anlaşma və tərəfdaşlıq üçün belə mübadilələrin inkişaf etdirilməsinə ümid edirəm,” deyə o, əlavə etdi.Tədbirdə həmçinin 2011-ci ilin Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Ell & Nikki, Natiq Ritm Qrupu, müğənni Mənsum İbrahimov kimi digər sənət xadimləri iştirak etdilər və Azərbaycan ənənəvi milli musiqisi səsləndi.