11:45 Bazar Günü, 18 Noyabr 2018
Bütün Xəbərlər

"Çox yox, cəmi 5 il daha yaşasaydı, bütün Azərbaycan onunla fəxr edəcəkdi" - Tələbə yoldaşları Cavid haqda

01:01, 31.01.201431174
Ülviyyə XəlilbəyliBir neçə gün bundan öncə baş verən qəza  hər birimizi məyus etdi. Söhbət Bakının Nərimanov rayonunda sökülməkdə olan binanın uçması və bunun nəticəsində yaranmış faciədən gedir. Uçqunun altında qalıb dünyasını dəyişənlər isə Cavid Bayramlı və Asiman Əkbər idi. Onların vaxtsız ölümü nəinki tələbə yoldaşlarını, qohumlarını hətta bu istedadlı gəncləri tanımayan çox insanı dərin hüznə qərq etdi.Bilməyənlər üçün qeyd edək ki, mərhum miniaturist, keramist Ədalət Bayramovun oğlu Cavid Bayramlı 1992-ci il iyul ayının 30-da anadan olub. Kiçik yaşlarından rəssamların əhatəsində böyüyən Cavid bu sevgi atasından keçib. Atası Ədalət Bayramoğlu dünyanın müxtəlif ölkələrində fərdi sərgilər keçirir, Cavid də hər zaman atasının yanında olurdu.
Və bu sərgilərin birində 4 yaşlı Cavidin də əsərlərini sərgilənmişdi. Kiçik yaşlarından bu sənətə bağlı olan balaca rəssam  müxtəlif sərgilərdə iştirak etmiş və fərqli üslubu ilə hamının heyranlığını qazanmışdı. Məktəb illərində Cavidin atası ilə birgə Türkiyədə keçirdiyi sərgilər böyük marağa səbəb olmuşdu. 
Atasının vaxtsız vəfatından sonra Cavid miniatür sənətində yaratdığı yeni üslubu davam etdirmək arzusu ilə yaşayırdı. 
Və beləcə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olmaqla Cavid ilk addımını atdı. Fərqli üslubu, istedadı  və bacarığı ilə seçilən gənc  rəssamın sənətə olan sevgisi onu addım addım irəliyə aparırdı. 21 yaşı olmasına baxmayaraq məşhur rəssamlar Cavidə çox böyük hörmətlə yanaşırdılar və onun əsərlərinə baxıb təriflər yağdırırdılar. O istedadlı gənc rəssam olmaqla yanaşı həm də gözəl insan idi. Özündən xeyli böyük insanlarla dil tapar və ilk görüşdən onların rəğbətini qazanardı. 
Biz Ədalət Bayramov kimi rəssamın yadigarını davamçısını itirdik. Ən çətini və qəbul edilməsi zor olanı isə odur ki, Cavid ailənin yeganə övladı idi. Hazırda Rəssamlıq Akademiyası dərin hüzn içərisindədir. Belə bacariqlı şəxslərin itkisi onun bütün dostlarını dərindən yaralayır.
Tələbə yoldaşlarının söylədiklərinə görə Cavidin yumor hissi də güclü olub.Qrup yoldaşları Cavidi belə xatırlayır:
Səbinə Vəzirova: Cavid elə bir insan idi ki, milyon insan içinə düşsə də, orada mütləq müsbət keyfiyyətləri ilə seçilərdi. Anasını çox sevirdi, atasını da daim qəlbində yaşadırdı. Mən səbirsizliklə onun diplom işini gözləyirdim. Bilirdim ki, çox qeyri-adi olacaq. Amma biz onun cəsədini qarşılayası olduq... Xəlilova Səbinə: Cavid qrupumuzun yeganə oğlanı idi. "Göz muncuğumuz" deyərdik ona. Çox məsuliyyətli tələbə idi. Həm də sinifkomumuz idi. Ehh Cavid biz sənsiz indi nə edəcəyik. Kim bizə deyəcək ki, "qayıb düşməsin gecikməyin". Kim bizim sinifkomumuz olacaq. Allah sənə rəhmət eləsin Əsədullayeva Natəvan: Cavidi belə xatırlamaq çətindi. Kaş Azərbaycan xalqı bilərdi ki, gələcəyin necə böyük şəxsiyyəti ola biləcək bir insanı itirib. Cəmi 5 il daha yaşasaydı, Cavidi bütün Azərbaycan tanıyıb, onunla fəxr edəcəkdi. Asimanı yanından ayırmazdı Cavid. Onlar həm xalaoğlu, həm də yaxın dost idilər. İnşallah Cavidin və Asimanın işlərindən ibarət sərgi təşkil etmək istəyirik. Allah hər ikisinə rəhmət eləsin.
Əliyeva Xatun: Cavid sənət sevgisi ilə dolu bir insan idi. Hamı onun əzmini zəhmətkeşliyini  sənətə olan  sevgisini çalışqanlığını görüb həvəslənərdi. O çox zarafatcıl, şən insan idi. Yardımsevər, dar günün dostu idi. Əsl insan idi. Hər kəs onu çox sevirdi.Əvəzsiz insanı itirdik, Allah sənə rəhmət eləsin, Cavid...
Həmidli Fidan: "Cavid adının mənası əbədi, daim deməkdir. Biz düşünürdük ki, o hər zaman bizimlə olacaq. O qədər pozitiv insan idi ki, ölümlə o antonim sözlər idi. O hər zaman bizə dəstək olardı. Əbədi və daimi adını daşıyan Bayramlı Cavid Ədalət oğlu bizim ürəyimizdə qəlbimizdə əbədi yaşayacaq".Onu da qeyd edək ki, Asiman da Cavid kimi çox bacaraqlı gənc idi. O, 1988-ci il avqustun 23 də anadan olmuşdu. Ailənin kiçik oğlu olan Asiman uşaqlıq illərindən hiperaktiv olub. Hələ kiçik yaşlarından çalışqanlığı ilə seçilən bu gənc ailəsinə layiqli övlad olub. Gözəl əl qabiliyyəti və bacarığı Asimanın zərgərlik sahəsində ön sıralarda olmasına gətirib çıxarmışdı. Onun zərgərlik işlərinə diqqət yetirsəydiniz əgər görərdiniz ki, necə incəliklə işlənilib. Xüsusi diqqət tələb edən əl işləri ilə hər kəsi təəccübləndirməyi bacarırdı o. Ağır təbiətli olduğundan çox danışmayan bu gənc, həm də həvəskar fotoqraf idi. 
Allah hər iki dostumuza rəhmət eləsin...
Sonda Asimanın zərgərlik işlərini və Cavidin çəkdiyi rəsm əsərlərini təqdim edirik:
XƏBƏR LENTİ