Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzi və YAP Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində ağacəkmə aksiyasına start verilib.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən ağacəkmə aksiyasında YAP Gəncə şəhər Təşkilatının fəallarından, İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin və “ASAN xidmət” Mərkəzinin könüllülərindən ibarət 300-dən artıq gənc iştirak edib. Aksiya iştirakçıları ərazini daşlardan təmizləyib, damcılama yolu ilə su xətti çəkib, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan Eldar şamı əkiblər.
İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin koordinatoru Könül Zeynalova bildirib ki, məqsədimiz “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində 10 min ağac əkməkdir. Aksiya iştirakçıları bundan sonra da silsilə şəklində ağacəkmə aksiyasını davam etdirəcəklər.