Ötən həftəsonu Azərbaycan mediasının nəbzi Naxçıvanda döyünürdü desək, nə yanılarıq, nə də şişirtmiş olarıq. Məmləkətin nüfuzlu jurnalistləri, aparıcı KİV təmsilçiləri, bir sözlə, mediada sözün və sözünün sahibi olan hər kəs bu qədim yurdda idi…
Üçgünlük səfərin məqsədi "Qlobal informasiya mühiti və media trendləri” konfransında – "Mediafest-2025”də iştirak olsa da, əsas mahiyyəti daha əhatəli idi. 70-ə yaxın media nümayəndəsi burada bir araya gəlməklə Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində ilk böyük görüşlərini keçirdilər, həm də yubiley tədbirlərinə Nuhun yurdundan başlamış oldular. İndi daha çox ehtiyac duyduğumuz həmkar kommunikasiyası daim sığındığımız simvolika ilə birgə bir-birilərini tamamladı.
Naxçıvanlılar dəyişikliklərdən razıdırmı?
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və "Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə baş tutan səfərin əhəmiyyəti öncədən məlum idi. Uzun müddət coğrafi amillə yanaşı, həm də informativ məcrada Azərbaycanın əsas ərazisindən təcrid olunan bu qərb torpaqlarımızda baş verən proseslər, naxçıvanlıların yaşamı, problemləri barədə hansısa vasitəçi resurslarla deyil, elə yerində və birbaşa məlumatlanma imkanı media camiəsi üçün mühüm məqam oldu. Digər mühümlük göstəricisi isə 150 il ərzində Azərbaycan mediasına görkəmli və istedadlı jurnalistlər bəxş edən Naxçıvanın özündə KİV-in hazırki durumu ilə tanışlıq idi.
"Ucqar” məfhumunun izahı şübhəsiz ki, coğrafi təyinatlıdır. Amma, adətən, məcazi mənada işlədirik, geriliyi, ətaləti ifadə edirik. Naxçıvan coğrafi anlamda, əlbəttə ki, ucqardır, Azərbaycanın cənub-qərb sərhədlərinin keçdiyi son məkanımızdır. Lakin Naxçıvana, hətta coğrafi anlamda belə ucqar deməyə dilimiz gəlmir, bunun haqsızlıq, səhv olduğunu düşünürük.
Və bu təəssüratı hələ təyyarənin illuminatorundan Naxçıvan şəhərinə nəzər salarkən çoxları yaşadı və heyrətləndi. Hətta Muxtar Respublikaya 14-cü səfəri gerçəkləşdirən mənim üçün Naxçıvan 1 ay öncəki, 1 il əvvəlki Naxçıvan deyildi. Geniş küçələr, hər tərəfdə yaşıllıqlar, yüksək zövqlə və milli ornamentlərlə inşa olunan binalar, müasir sosial infrastrukturlar, ətrafın göz oxşayan təmizliyi, şəhərsalma qaydalarının məhz şəhərsalma standartlarına uyğun həyata keçirilməsi Naxçıvana ilk baxışdan valeh olmağı təmin edirdi. Ən əsası isə şəhərdə və sonradan olduğumuz Muxtar Respublikanın digər rayonlarında insanlar sözün yaxşı mənasında qaynayırdı. Uşaqlar, gənclər, ahıllar küçələrdə, parklarda sərbəst dolaşır, istirahət edirdilər. Yəni buranın "qapalı məkan – məhdudiyyətlər bölgəsi” imici tamamilə, bəli, tamamilə yox olub. Naxçıvanda gülərüzlərin sayı da çoxalıb…
Nuh peyğəmbərin binə etdiyi bu ərazilər minilliklər boyu hərbi yürüşlərin məngənəsində qalıb, qan-qada, ixtilaf, böhran, soyqırımları görüb. Tariximizin gərdişi çox zaman elə bu məkanda gedən proseslərin fonunda dəyişib. Müasir Azərbaycanın ilk qığılcımları da bu torpaqlarda parlayıb. Adətən, gərginliyin, ziddiyyətlərin, çətin seçimlərin sınağında olan və bu sınaqlardan çıxmağa da həmişə özündə güc tapan Naxçıvan - naxçıvanlılar indi sakit, rahat həyatını yaşayır.
Bəs bu həyatın firavanlığı təmin olunurmu? Naxçıvanda yeni idarəçilik modeli effektivdirmi? İslahatlar necə gedir? Sakinlərin rəyi, münasibəti öyrənilirmi və onlardan nəticə çıxarılırmı? Suallarımız çox idi, onları cavablandıracaq yeganə şəxs olan Azərbaycan Prezidentinin bölgədəki səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli həm rəsmi toplantıdakı çıxışında, həm də qeyri-rəsmi görüşümüzdə bu məsələlərə aydınlıq gətirdi.
Fuad Nəcəflinin əsas nailiyyət kimi səciyyələndirdiyi amil Naxçıvanda şəffaflığın, açıqlığın və hesabatlılığın, xərclərdə isə qənaət və səmərəliliyin təminidir. Bu da Muxtar Respublikaya ayrılan dotasiyanı azaldıb, nəticə etibarilə ölkə büdcəsinə olan yükü əhəmiyyətli dərəcədə yüngülləşdirib. Yerli gəlirlərdə ciddi artım müşahidə olunsa da, aqrar sektorun, xüsusən də suvarma infrastrukturunun yenilənməsinə böyük ehtiyac yaranıb. Ümumiyyətlə yenilənmə, modernləşmə iqtisadiyyatın bütün sahələrində zərurətə çevrilib. Naxçıvanın sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramını islahatların yol xəritəsi sayan Fuad Nəcəfli görüləcək işlərin çox, gediləcək məsafənin uzun olduğunu bilsə də, qazanılacaq uğura çox əmindir.
Hər bir təşəbbüsün önündə düzgün hədəf, ardında isə gərgin zəhmət dayananda o, şübhəsiz, uğurla nəticələnəcək. Bölgədə son illərdəki dəyişikliyi həmsöhbət olduğumuz sadə naxçıvanlılar da yüksək qiymətləndirir. Bu dəyişikliklər çoxsaylı problemləri həll etməklə bərabər, təbii olaraq, yeni problemlər də meydana çıxarıb. Ancaq ümid, əminlik və fədakarlıq həmişə olduğu kimi indi də zəhmətkeş naxçıvanlıların yeganə istinadıdır…
104 yaşlı cavan... və uşaqların nəşr etdiyi qəzet
Naxçıvana səfərimizin əsas məqsədinin "Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı - "Mediafest-2025” olduğunu da unutmayaq. Tədbir isə sözün həqiqi mənasında festival ovqatında, böyük coşqu və yüksək təşkilatçılıqla hazırlanmışdı.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov konfransın ümumilikdə Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacağını söyləməklə, tədbirin önəmin vurğuladı. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid 150 illik tarixin keşməkşli mərhələlərini vərəqlədi. Prezident Administrasiyasının sektor müdiri Kamran Həsənovun "Bu gün Azərbaycan mediası yalnız daxili auditoriyaya deyil, həm də beynəlxalq informasiya məkanında ölkəmizin maraqlarını müdafiə etmək vəzifəsi daşıyır. Bu, yeni nəsil jurnalistlərin hazırlanmasını, media savadlılığının artırılmasını və innovativ texnologiyaların mətbuatda tətbiqini zəruri edir” sözləri iştirakçıların böyük qismini təmsil edən naxçıvanlı gənc jurnalistlər üçün mühüm mesaj idi.
Gənc jurnalistlərdən söz düşmüşkən, Naxçıvanda hətta uşaq və yeniyetmə yaşlı jurnalistlər də var ki, çox nəfis, maraqlı bir qəzeti – "Məktəbli”ni nəşr edirlər. Həmçinin "Yeni fikir” qəzeti də Naxçıvan Dövlət Universitetinin tələbələri ilə yanaşı, Muxtar Respublikada qələmi yeni sınaqdan çıxaran onlarla gəncin seçimidir. Universitetin Jurnalistika fakültəsində tədrisin, yaradıcılıq potensialının, nəzəriyyə ilə təcrübənin qarşılıqlı vəhdətinin yüksək səviyyəsini Bakıdan gələn və burada ustad dərsləri keçən tanınmış jurnalistlər etiraf etdilər. Yeri gəlmişkən, ölkədə ən böyük kampusa malik olan NDU həm də ən çox xarici vətəndaşın təhsil aldığı universitetdir. Burada qəbulda keçid balları paytaxtın dövlət universitetlərinin çoxundan daha artıqdır, eləcə də beynəlxalq reytinqlərdə də NDU Bakının ali məktəblərinin əksəriyyətini geridə qoyur. Əlbəttə ki, belə bir universitetdə jurnalist hazırlığının yüksək səviyyəsi də təbii sayılmalıdır.
Muxtar Respublikada jurnalistlərin mütləq əksəriyyəti məhz gənclərdir. Bu da yəqin elə simvolik ənənədən qaynaqlanır: Naxçıvanda mətbuatın təməli 104 il öncə məhz "Cavanlar həyatı” adlanan qəzetlə qoyulub. Bu bayrağı indi peşəsinə məsuliyyətlə, qələminə sədaqətlə daşıyan "Şərq qapısı” qəzeti, Naxçıvan televiziyası və radiosu, "Nuhçıxan” portalı və bir neçə digər KİV əsl cavanlıq şövqü ilə Naxçıvan salnaməsini yaradır...
Çox qəzetin tarixdə izi qalır, 104 yaşlı "Şərq qapısı” isə elə müasir dövr tarixinin özüdür. Bu gün Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, muzeylərində "Şərq qapısı” qəzetinin hansısa səhifəsinin fotonüsxəsini görə bilərik. Yaxud Ümummilli Liderin irsini araşdıranlar, Azərbaycanın Qurtuluş missiyasının başlanğıc mərhələsi olan Naxçıvan dövrünü öyrənənlər əsas istinad mənbəyi kimi "Şərq qapısı”nın qapısını döyür. Ulu Öndər bu qəzetə verdiyi yüksək dəyəri başqa heç bir KİV barədə söyləməyib: "Mən "Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm”...
Qəzetin keçmişi nə qədər əhəmiyyətlidirsə, mövcud fəaliyyəti də bir o qədər peşəkar və gərəklidir. "Şərq qapısı”nda gənclik ruhunu, gənclərin iştirakını yaradıcılığın hər mərhələsində aydın müşahidə edirik. NDU-nun Jurnalistika fakültəsində təhsil alan tələbələr qəzetdə davamlı təcrübə keçir, peşənin incəliklərini öyrənirlər və sonra işə götürülmək imkanı əldə edirlər. Qəzetdə gənc kadrlar qocaman jurnalistlərlə çiyin-çiyinə çalışır ki, bu da jurnalistikada nəsillərarası əlaqə yaratmaqla təcrübə mübadiləsinə, jurnalist potensialının gəncləşməsinə xidmət edir. Ancaq burada yalnız gənclər öyrənmir, daha çox yaşlılar gənclərdən yeni media çağırışlarını, müasir yanaşmaları əxz edirlər.
"Şərq qapısı” region qəzeti olsa da, son dövrlərdə nəfis tərtibatı, maraqlı reportajları, aktual mövzu seçimi, həyatın bütün sahələrini peşəkarlıqla işıqlandırması, böyük oxucu auditoriyası əldə etməsi baxımından əslində, ümummilli nəşrdir. Hər bir KİV üçün indi vacib sayılan sosial şəbəkələrdə fəallıq göstəriciləri isə bu nəşrdə ölkənin əsas qəzetləri ilə müqayisədə qat-qat artıqdır.
Nəqşicahandan cahana yayılan operativ, obyektiv, peşəkar səda
"Mediafest-2025”in ən əlamətdar hadisələrindən bir Naxçıvan televiziyasının (NTV) "Azerspace-1” peykində yayıma başlaması oldu. Bakıdan gedən həmkarlarımızın NTV fəaliyyətini birbaşa ofislərindən, yaxud da televiziya vasitəsilə izləmək imkanı geniş idi. Hər kəsin yüksək razılığını Xəzər Media Mərkəzinin rəhbəri Murad Dadaşovun "Naxçıvan televiziyası canlı orqanizmdir, peşəkar kollektivdir” fikirləri ilə ümumiləşdirmək olar. Çoxumuz isə bu telekanalın fəaliyyətini paytaxtda yayımlanan ümummilli kanalların bəzilərindən daha yüksək, daha maraqlı, daha istedadlı saydıq.
Tək ötən il NTV 44 film, 1000-ə yaxın veriliş, 6000-dən artıq xəbər süjeti hazırlayıb. Əlavə olaraq, telekanalın Bakı bürosu 70-ə yaxın film, veriliş hazırlayıb. Rus və ingilis dilində xəbər buraxılışları NTV-nin çoxsaylı yeniliklərindən bir qismidir. Ulu Öndərin 100 illik yubileyi ilə bağlı telekanalın hazırladığı silsilə filmlər isə ümumiyyətlə bu mövzuda ən yaxşılar sırasındadır. Tamaşaçılara 1990-1993-cü illəridəki hadisələrin canlı şahidlərinin təqdimatında Heydər Əliyevlə bağlı indiyədək məlum olmayan xatirələr, görüntülər, yeni faktlar təqdim edilib.
Naxçıvan televiziyası və "Şərq qapısı”nın bir ortaq nöqtəsi də Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərini davamlı işıqlandırmaları, vətənpərvərlik mövzularına geniş yer ayırmalarıdır. Həmçinin bu iki KİV-in efirində, səhifələrində Astaradan Qusara, Gədəbəydən Şamaxıyadək Azərbaycanın bütün bölgələrini əhatə edən reportajları mütəmadi görmək olar. Bütöv Azərbaycanın reallıqları, Azərbaycan insanının yaşamı "Şərq qapısı” və NTV-də aydın, əhatəli və səmimi təəssübkeşliklə təcəssüm edir. Bu fədakar həmkarlarımız Naxçıvanla yanaşı, əslində isə ondan daha çox məhz Bütöv Azərbaycanın salnaməçiləri olduqlarını yüksək məsuliyyətlə qəbul edir, böyük sevgi ilə icra edirlər.
Paytaxtda Naxçıvanla bağlı dəqiq, qərəzsiz, opeartiv informasiya əldə etmək üçün məhz "Şərq qapısı”nın internet saytına, Naxçıvan televiziyasının yutub yayımına (artıq birbaşa peklə izləmək imkanı da yarandı) və "Nuhçıxan” portalına müraciət edilir. Qədim yurdun bu müasir media resursları Naxçıvanın adına, sanbalına, potensialına layiq istedadlı, peşəkar fəaliyyətlə milli mətbuat irsimizə əvəzsiz töhfələr verirlər.
Muxtar Respublikada təşkil edilən "Mediafest-2025”in mühüm özəlliklərindən biri də paytaxt jurnalistlərinin Naxçıvan mediası haqqında daha dolğun məlumat ala bilməsi oldu. Eyni zamanda Naxçıvanda və Bakıda fəaliyyət göstərən həmkarların yeni əməkdaşlıqları, daha sıx kommunikasiyaları formalaşdı.
Naxçıvanda media sammiti keçirdik, həm öyrətdik, daha çox isə öyrəndik…
Tarix boyu böyük sınaqlardan ləyaqətlə keçib indi yeni dəyişiklikləri ümidlə yaşayan Naxçıvan, unutmayaq ki, düşmənə göz dagıdır…
Naxçıvan tezliklə keçəcəyimiz Zəngəzur dəhlizidir…
Naxçıvan Agdamdır, Kəlbəcərdir, Xocalıdır…
Naxçıvan Suqovuşandan Azıx magarasına, Şuşadan Ağdərəyədək tökülən müqəddəs şəhid qanıdır…
Naxçıvan Xankəndidə dalğalanan bayraqdır…
Naxçıvan Vətəndir…
Əməkdar jurnalist İxtiyar Hüseynli