Adı Rusiyanın Qızıl Fonduna salınan ilk azərbaycanlı 11 yaşlı Əli Muradov növbəti uğura imza atıb.AZXEBER.COM-un məlumatına görə, “Planet of Talents” (İstedadlıların Planeti) adlı beynəlxalq müsabiqədə ölkəmizi təmsil edən azyaşlı ifaçı Əli Muradov müsabiqənin ən üstün mükafatına - “GRAND-PRİX”-ə layiq görülüb.Novosibirsk şəhərində həmin müsabiqənin qala konserti və diplomların təqdim edilmə mərasimi keçirilib.“Akademik vocal” nominasiyası üzrə 9-12 yaş qrupunda iştirak edən Əli Muradov “GRAND-PRİX” mükafatına layiq görülməklə yanaşı, ən parlaq çıxışına və səhnə mədəniyyətinə görə xüsusi təşəkkürnamə ilə də təltif olunub.Əli Muradovun verdiyi məlumata görə, beş min nəfərə yaxın iştirakçının qatıldığı müsabiqədə müxtəlif ölkələr, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Koreya, Ermənistan daxil olmaqla, 50 ölkə təmsil olunub. Şəhərin 8 müxtəlif konsert zallarında müsabiqə iştirakçılarının ifa etdiyi əsərlər Rusiyanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.Əli Muradov müsabiqədən sonra öz təəssüratlarını bölüşüb:“Beş minə yaxın iştirakçının hamısı istedadlı uşaq və gənclər idi. Belə rəqiblərimlə mübarizə aparmağın çətin olduğunu öncədən bilirdim. Amma buna baxmayaraq, qarşıma bir məqsəd qoymuşdum ki, səhnədə bir daha Azərbaycan bayrağını qaldırım və müsabiqədə iştirak edən digər millətlərə, o cümlədə ermənilərə nəyə qadir olduğumuzu sübut edim. Şükür ki, buna nail oldum. Amma açığı “GRAND-PRİX” mükafatına layiq olacağımı gözləmirdim. Bu mükafata beş min nəfər arasında yalnız mən layiq görüldüm. Bu uğurumuza ermənilərin qısqanclığını onların gözlərindən və hərəkətlərindən hiss etməmək mümkün deyildi”.Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr laureatı və Qrand-pri mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilən beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib. Əli Muradov Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb. Bu yaxınlarda isə İspaniyanın Lloret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli “El festival De Mar Y Sol” festivalında I dərəcəli laureat diplomu ilə təltif olunub.