14 yaşlı Nərminənin ölüm səbəbi aydınlanır: Səhlənkarlıq edən həkimlər hakim qarşısında

14 yaşlı Nərminənin ölüm səbəbi aydınlanır: Səhlənkarlıq edən həkimlər hakim qarşısında
SOSİAL
14:02 15.05.2025
463

Yevlaxda 14 yaşlı qızın cərrahi əməliyyat zamanı ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın "Yevlax Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında B.Mustafayevə Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq), K.Sadıqovaya isə həmin məcəllənin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.


OXŞAR XƏBƏRLƏR