Hindistanın Uttar-Pradeş ştatında qurban verilməsi ehtimal olunan iki aylıq körpə qaçırıldıqdan dörd gün sonra xilas edilib.
AZXEBER.COM Modern.az-a istinadla bildirir ki, körpə noyabrın 3-də ailəsi yatarkən evdən qaçırılıb. Atasının sözlərinə görə, naməlum şəxs evə daxil olaraq oğlunu aparıb.
Polisin versiyasına görə, şübhəlilər itkin düşmüş qohumlarını tapmaq və ailədəki bədbəxtliklərə son qoymaq məqsədilə körpəni ritual qurban verməyi planlaşdırıblar. İstintaq hesab edir ki, bu ritualı keçirməyi Sarasvati adlı qadın məsləhət görüb.
Dörd gün davam edən əməliyyat zamanı polis mindən çox müşahidə kamerasının görüntülərini araşdırıb və yerli sakinləri dindirib.
Nəticədə körpəni qucağında saxlayan Savitri və əri Karan Dehlidəki Kaşmir Qeyt avtobus dayanacağında saxlanılıblar. Atası uşağı fotosundan tanıyıb.
Daha sonra Sarasvati də saxlanılıb. İş üzrə ümumilikdə üç nəfər həbs edilib, araşdırma davam edir.











































