Rusiya Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı davam etdirməyə hazırdır.
AZXEBER.COM-un məlumatına görə, Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin bu barədə Ermənistanın İctimai Radiosuna müsahibəsində bildirib.
"Bu (hərbi-texniki - red.) sahədə qarşılıqlı əlaqədə texniki və maddi baxımdan böyük təcrübə toplamışıq. Rusiya tərəfi bu əməkdaşlığı davam etdirməyə hazırdır", - o bildirib.
Moskva ilə Yerevan arasında təhlükəsizlik sahəsindəki etimadın itirilməsi və onun bərpası ehtimalı ilə bağlı şərh verən Kopırkin deyib: "Düşünürəm ki, bu mümkündür. Mən buna qarşı hədsiz pessimist olmazdım. Amma təbii ki, bu, tərəflərin siyasi iradəsindən asılı olacaq".
Onun sözlərinə görə, regionda və dünyada dəyişən geosiyasi vəziyyət kontekstində tərəflər arasında əməkdaşlıq formatlarına yenidən baxmaq lazımdır: "Əlbəttə, suallar yaranıb. Regionda və dünyada vəziyyət dəyişib və dəyişir. Bu, uyğunlaşma tələb edir. Transformasiyanın getdiyi bu mərhələdə suallar ortaya çıxır. Bunu istənilən şəkildə şərh etmək olar - etimadın azalması, şübhələrin yaranması və ya siyasi kursun yenidən qurulması. Bu, obyektiv prosesdir".











































