2 yaşlı İmranı bədbəxt edən oteldə hər şey əvvəlki kimidir - Reportaj

2 yaşlı İmranı bədbəxt edən oteldə hər şey əvvəlki kimidir - Reportaj
Bütün Xəbərlər
10:45 27.07.2013
5697
İcarədarın və hovuz xidmətçisinin dindirilməsiaparılır, onların Bakıya gətiriləcəyi xəbəri yayılıb
Əməkdaşımız “Nabran Holiday Village” istirahət mərkəzinin yerləşdiyi Seyidli kəndindən yazır.
İyulun 21-də Nabrandakı istirahət mərkəzlərinin birində ciddi xəsarətlər almış, faciəli şəkildə ayağını itirmiş iki yaşlı İmran Cəfərovun xəbəri hər kəsi sarsıtdı. Hər kəs İmranın sağalması üçün çağırışlar edir, baş verənlərə görə günahkarları qınayırdılar. Bəs günahkar kimdir, hadisənin baş verməsində hansı əlavə məqamlar var, kimlər cəzalandırılacaq? İstintaqla bağlı araşdırmalar nə yerdədir? Bu kimi suallara hələ də tam aydınlıq gətirilməyib.
İmranı Almaniyaya müalicəyə yola salındığı gün biz də hadisə yerinə getməyi qərara aldıq. Söhbət təkcə İmranın taleyindən yox, həm də bundan sonra oxşar faciənin təkrarlanmaması ehtimalını önləmək üçün bütün təfərrüatları çalışıb ortaya çıxarmaqdan gedir.
“Nabran Holiday Village” fəaliyyətini davam etdirir
Beləcə Xudatın Seyidli kəndinə üz tutduq. Bakıdan bir neçə saata Xaçmaza, oradan Nabran istiqamətinə yol aldıq. “Atlant” istirahət mərkəzinin yaxınlığında yerləşən “CTF” firmasına məxsus “Nabran Holiday Village” istirahət mərkəzinə, faciənin baş verdiyi istirahət mərkəzinə çatdıq.
Kənardan göründüyü kimi, istirahət mərkəzində xeyli sayda avtomobil vardı. İstirahət mərkəzinin həyətindəki avtomobillər və gəzişən adamlar ilk baxışdan məndə - Bakıdan gəlmiş nabələd jurnalistdə çaşqınlıq yaratdı. Çünki bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyi bu istirahət mərkəzinin lisenziyasını ləğv etmişdi və yayılan məlumatlarda buranın fəaliyyətinin dayandırıldığı deyilirdi.
Lakin otelə çatana qədər, yol boyu söhbətləşdiyim Günel Məmmədova deyir ki, adıçəkilən istirahət mərkəzi fəaliyyətini dayandırmayıb: “Biz də eşitmişdik ki, 2 yaşlı bir uşaq hovuzda xəsarət alandan sonra mərkəzi bağlayıblar. Ancaq reallıqda istirahət mərkəzi bağlanmayıb, fəaliyyət göstərir. Baş verən hadisə haqda internetdən oxumuşuq. Başqa məlumatımız yoxdur”.
Ardınca ənənəvi ifadəylə: “Hadisəyə təəssüflənirik” - deyir...
“Nabran Holiday Village” istirahət mərkəzinin qapısı ağzında heç bir mühafizəçi olmadığından içəriyə maneəsiz girirəm. Sövqi-təbii duyğuyla mərkəzin qurtaracağındakı iri hovuza tərəf irəlilədikcə həyətdə gəzişən turistləri görüb buranın fəaliyyətinin dayandırılmadığına bir daha əmin oluram. İşə başlayıram - həm uşaqlar, həm də böyüklər üçün olan hovuzun fotolarını çəkirəm.
Bir neçə dəqiqə həyətdə gəzişdikdən sonra yenidən bayıra çıxıram. Çıxanda da heç bir mühafizəçi mənə mane olmur. Ümumiyyətlə, mühafizəçi gözə dəymir.
“İcarədar və hovuz xidmətçisi prokurorluqda dindirilir”
Təzədən istirahət mərkəzinə daxil olub obyektə cavabdeh olan şəxsləri axtarmaq istəyəndə girişdəki mağazadan bir nəfər çıxır. Elvin adlı bu şəxs mağazada satıcı işlədiyini bildirir. Ancaq danışdıqlarından burada hansısa yüksək bir işə baxdığını və hadisədən məlumatlı olduğunu sezməmək olmur. Dediyinə görə, istirahət mərkəzinə cavabdeh şəxslər hazırda obyektdə yoxdur:
- Buranı icarəyə götürən Firdovsi İsmayılov, bir də hovuz xidmətçisi Aslan Hacıməmmədkərimov Xaçmaz rayon prokurorluğunda dindirilir. Elə vəziyyətdir ki, burada heç kimi tapa bilməyəcəksiniz. Müsahibə verəcək adam yoxdur. Mən özüm də bu marketdə satıcıyam.
- Bəs buranı icarəyə götürmüş Firdovsi nə vaxt istirahət mərkəzinə qayıdacaq?
- Çətin bir də bura gəlsinlər. Çünki bilinmir nə olacaq... Hələ təzə gediblər. Ondan da sonra yəqin ki, onları Bakıya aparacaqlar, dindirmək üçün.
- Bəs başqa kimsə bizə danışa bilməz?
- Yox vallah, indi burada heç kim yoxdur, hərə bir tərəfdədir. Burada olanlar da istirahət edir, onların heç bir narazılığı yoxdur.
- Onda mən istirahət edənlərdən hadisə barədə soruşa bilərəm?
- Yox, çünki çoxu hadisədən sonra buraya gəliblər. Hadisə günü bir qrup insanın istirahət vaxtı başa çatdı. Səhəri günü də başqa bir qrup insan gəldi. Çünki bura insanları ARDNŞ göndərir, “putyovka” ilə.
- Bəs deyirdilər, buranın fəaliyyəti dayandırılıb. İstirahət mərkəzinin lisenziyası da ləğv olunub.
- Yox, fəaliyyət dayandırılmayıb. Fəaliyyət dayandırılsaydı ARDNŞ hadisədən sonra buraya yenə də adam göndərməzdi. Hazırda gəlib istirahət edənlər var. Ancaq hadisə günü burada olanlar hamısı gedib, yerlərinə başqaları gəlib.
- Siz hadisənin necə baş verdiyini görmüsünüz?
- Uşağı valideynləri böyüklər üçün hovuza gətiriblər, nasos olan borunun ağzındakı toru da turistlərdən kimsə götürübmüş. Ona görə belə hadisə baş verib. Hamı əlindən gələn köməyi etməyə çalışırdı.
- Sizcə, buranın fəaliyyəti bundan sonra da davam edəcək?
- Hə... Sadəcə, hovuzun fəaliyyətinə qadağa qoyublar, amma istirahət mərkəzi fəaliyyət göstərir. İnsanlar gəlib istirahət edəcəklər. Hovuz isə işləməyəcək. Bu gün gəlib hovuzu möhürləyəcək, kənarlara lent çəkəcəklər ki, heç kim içəri gedə bilməsin. Hovuzun suyunu da boşaldıblar.
- Onda gözləyim, dediyiniz lenti çəkəndə foto-görüntülər götürərəm, bir də prokurorluğun işçilərini danışdıraram.
- Foto çəkməyə ümumiyyətlə, icazə yoxdur, həm də onlar iş icraçılarıdır, sizə heç nə deməyəcəklər.
- Heç olmasa, icarədarın telefon nömrəsini verin, bəlkə bizə danışdı.
- Onun nömrəsini verə bilmərik. Siz Xaçmaz prokurorluğuna gedin, onları orada danışdıra bilərsiz. Burada vaxt itirəcəksiz.
Özünü satıcı kimi təqdim edən Elvinadlı şəxslə söhbətləşdikdən sonra bizə məlum oldu ki, istirahət mərkəzini icarəyə götürən Firdovsi İsmayılov mətbuata açıqlama verib. Firdovsi İsmayılov açıqlamasında bir neçə dəfə İmranın ailəsinə baş çəkdiyini, yardım etmək istədiklərini deyib. Obyekt tamam bağlanmadığını, sadəcə, mərkəzə qəbulun dayandırıldığını (Elvin isə bizə mərkəzə təzə adamların istirahətə gəldiyini demişdi) söyləyən icarədar əlavə edib ki, hazırda bu istirahət mərkəzində 92 nəfər dincəlir.
Araşdırmalarımız zamanı məlum oldu ki, buradakı istirahət mərkəzlərinin heç birində insanlardan sağlamlıq haqqında sığorta sənədi tələb olunmur. Eyni zamanda obyektdə tibbi yardım üçün şərait, tibbi personal, ayrıca həkim, yaxud tibb bacısı da yoxdur.
“Zəhmət çəkib, toru boruya bərkidərdilər...”
İstirahət mərkəzindən ayrılandan sonra Nabrana istirahətə gələnləri və burada yaşayanları da danışdırmaq qərarına gəldik. Sakinlərin əksəriyyəti hadisədən xəbərdar olduqlarını və buna görə üzüldüklərini dilə gətirirdilər. Onlar İmrana şəfa, ailəsinə isə səbr diləyirdilər.
Bəziləri baş verən hadisəyə görə İmranın valideynlərini günahkar bilirdilər. Onlar valideynlərin azyaşlı uşaqları böyüklər çimən hovuza salmağın düzgün olmadığını, balacaların uşaq hovuzunda çimməsinin tərəfdarı olduğunu deyirdilər. Ancaq istirahət mərkəzinin rəhbərliyini də günahlandıranlar az deyildi.
Taksi sürücüsü Məmməd Aslanovdeyir ki, baş verənlərə görə istirahət mərkəzinin rəhbərliyi və işçilər məsuliyyətə cəlb olunmalıdır: “Bu hadisə səhlənkarlığın və diqqətsizliyin ucbatından baş verib. Birincisi, uşağın valideynləri onu böyüklərin çimdiyi hovuza gətirməməli idilər. İkincisi, tutaq ki, onlar gətiriblər, bəs işçilər hara baxırdılar? Niyə valideynlərə xəbərdarlıq etmirdilər, yaxud bunun qarşısını almırdılar? Deyirlər ki, borunun ağzında tor olub, ancaq turistlərdən biri onu götürüb nərdivan kimi istifadə edirmiş. Əgər güclü nəzarət olsaydı, heç kim o toru götürməzdi. Bundan da əlavə, zəhmət çəkib toru boruya bərkidərdilər. Əgər həmin tor boruya bərkidilsəydi...”
Xaçmaz rayon prokurorluğu açıqlama vermir
Daha sonra geriyə - Xaçmaza qayıtdıq. Baş vermiş hadisəylə bağlı Xaçmaz rayon prokurorluğunun mövqeyini, istintaqla bağlı yenilikləri öyrənməyə cəhd etdik. Prokurorluğun mühafizəçisi istintaqı aparan şəxslərə məlumat verdi. Eyni zamanda hadisə ilə bağlı Baş Prokurorluqdan gələnlərin olduğunu bildirdi: “Həmin işlə bağlı Bakıdan gəliblər. Baş qarışıqdır. Həm də istintaq gedir, istirahət mərkəzini icarəyə götürən, bir də hovuz xidmətçisi dindirilir. Ona görə gözləyin”.
Xeyli vaxt gözləsək də, müstəntiq bizi qəbul etmək üçün heç bir göstəriş vermədi. Yenidən mühafizəçi prokurorluğun digər işçilərinə müraciət etdi. Prokurorluq işçiləri hadisə ilə bağlı artıq bir dəfə açıqlama verildiyini bildirib, təkrar danışmağa ehtiyac bilmədilər.
Məlumatlara görə, yaxın günlərdə baş verən hadisəyə görə həbslər olacaq. Şifahi deyilənlərə inansaq, istirahət mərkəzinin icarədarı Firdovsi İsmayılov və hovuz xidmətçisi Aslan Hacıməmmədkərimov həbs olunacaq.
Kimin həbs olunub, hansı cəzanı alacağı istintaqın gedişində bilinəcək. İndi ən vacib məsələ İmranın sağalmasıdır. Bir də çoxsaylı insanlara cavabdeh instansiyaların diqqətli və məsuliyyətli fəaliyyət göstərməsidir.
Zəhmət olmasa, borunun ağzına tor qoyun! /// teleqraf.com
OXŞAR XƏBƏRLƏR