2000 gənci əhatə edən 'Bakı Gənclər Debat Forumu – Yaz 2013' davam edir

GƏNCLİK
15:40 20.05.2013
2272

18-19 may tarixlərində “Azərbaycan Gəncliyi 2011-2012-ci illərdə Dövlət Proqramı”-nın 6.5.9 (Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi) maddəsinə əsasən DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə, “STEP İN!” Milli Könüllü Şəbəkəsinə dəstək olaraq, “Gənclərin könüllü fəaliyyəti” mövzusu ətrafında keçirilən “Bakı Gənclər Debat Forumu – Yaz 2013” layihəsini davam etdirir.

Layihə çərçivəsində fevral-may 2013-cü il müddətində Bakı şəhərinin 22 ali təhsil müəssisəsində “Gənclərin könüllülük fəaliyyəti” mövzusunda 2000 gəncin iştirakı ilə 87 təlim və 66 debat raundu təşkil edilmişdir.

18-19 May tarixində Azərbaycan Dillər Universiteti və Azərbaycan Turizm İnstitunun ev sahibliyi ilə keçirilən “Bakı Gənclər Debat Forumu – Yaz 2013”-ün yekun mərhələsində 2000 gənc arasından seçilmiş 33 komanda iştirak etmişdir. Forumun açılışı zamanı 18 May Laçının işğalı ilə əlaqədar olaraq şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.

Forumun Bağlanış və Mükafatlandırma mərasimi 30 May tarixində dövlət rəsmilərinin, beynəlxalgənclər təşkilatlarının, təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə “Bakı Caz Mərkəzi”-də keçiriləcək. Mərasimdə eyni zamanda Azərbaycanda ilk olan “STEP İN!” könüllülər üçün internet platformanın təqdimatı keçiriləcək.

Bildiririk ki, “STEP İN!” adı altında DVC-nin təşəbbüsü ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bizim Gənclik” İctimai Birliyi, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, “DAN” Beynəlmiləlçi Gənclər Birliyi, “İrəli” İctimai Birliyi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı kimi təşkilatların tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə olaraq “Milli Könüllülük Şəbəkəsi” yaradıldı. “Könüllülük Şəbəkəsi”-nin yaradılma məqsədi Azərbaycandakı ictimai və sosial fəal olmaq, eyni zamanda könüllü fəaliyyət ilə məşğul olmaq istəyən gənclərin bir ünvanda birləşməsi, onlar üçün müxtəlif layihə və tədbirlərin keçirilməsidir.

«Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən «Debat» təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.DVC hal-hazırda 28000 üzv, 45 region, 8 nümayəndəlik, 90-dən artıq təhsil müəssisəsi olmaqla geniş gənc şəbəkəsi qurmuşdur və bu gün bu lahiyənin icrasında da öz profesionallığını göstərir.

OXŞAR XƏBƏRLƏR