Professor Yusif İsrafilov: “Sürüşmə aktivliyi olan yerlərdə ağaclar əkilməlidir”
Son zamanlar Azərbaycanda torpaq sürüşməsi faktları çoxalıb və bununla bağlı böyük narahatlıq yaşanır. Mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Hidrogeologiya və Mühəndis-Geologiya şöbəsinin rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor Yusif İsrafilovun ANS PRESS-ə müsahibəsini təqdim edirik. - Son günlər hər bir kəsi narahat edən məsələlərdən biri torpaq sürüşməsidir. Kimi təbiət hadisəsini dünyanın sonu, digərləri isə müxtəlif amillərlə izah edir. Siz son günlər intensiv xarakter alan torpaq sürüşməsini necə xarakterizə edərdiniz? - Torpaq sürüşməsi elmi cəhətdən çoxdan öyrənilən bir təbiət hadisəsidir. Bu mexanizmi tam bilirik və elmi cəhətdən izahı da dəfələrlə verilib. Burada bir problem yoxdur. Torpaq sürüşməsi min illərdir var, olub və yer kürəsi yaşadıqca, bu proses davam edəcək. - Demək torpaq sürüşməsini daha çox tektonik proseslərlə izah edirsiniz? - Torpaq sürüşməsi geoloji təbəqənin ən yuxarı qatıdır. Ona görə tektonik proseslərin buna çox böyük təsiri yoxdur. Bunun 2 əsas səbəbi var. Birincisi təbii hadisədir, yəni eqzogen prosesdir. İkincisi və ən əsası da insan fəaliyyətinin nəticəsidir. Buna antropogen proses deyirlər. Eqzogen proses günəş, külək və yağıntı amilləridir ki, torpağın yer qatına təsir edir. Zaman keçdikcə, torpaq süxuru öz fiziki və mexaniki xassələrini dəyişir. Müəyyən zaman dedikdə, min, milyon illər nəzərdə tutulur. Sadə dillə desək, torpaq nəfəs alır, tərpənir. Bu zaman təbii təsir torpaq layının yerinin dəyişməsilə nəticələnir. Bu tektonik proses, zəlzələ, leysan da ola bilər. Belə təsir torpaq qatını sürüşməsilə nəticələnir. İkinci əsas məsələ isə antropogen prosesdir. İndi Bakı şəhərində torpaq sürüşmələri böyük ajiotaj yaradıb. Amma bu proses həmişə olub. Urbanlaşmış ərazilərdə, şəhərlərdə, hardakı insan fəaliyyəti daha çoxdur, orada insanların ətraf mühitə böyük təsiri olur. Lakin bu proseslər son vaxtlar çoxalıb. - Xüsusən də paytaxt ərazisində torpaq sürüşmələri çoxalıb. Bəs bunun əsas səbəbini nədə görürsüz? - Bakıda torpaq sürüşməsində əsas amil su faktorudur. Paytaxta saniyədə 30 kubmetr su daxil olur. Lakin paytaxtın əsas su boruları, kanalizasiya sistemləri 70 ildən çoxdur ki, çəkilib. Bir çox ərazilərdə artıq borular istismar müddətini başa vurub, torpağın altında çürüyüb, dağılıb. Bunun nəticəsində suyun çoxu yerin altına dağılır. Bakının da geoloji şəraiti elədir ki, suyun yeraltı axını yoxdur. Faktiki olaraq axan sular yerin torpaq qatına yığılır və yerin üzünə çıxır. Bəzən görürük hansısa ərazini su basıb. Bəzən buna qrunt suları deyirlər, əslində bu qrunt suyu yox, texnogen sulardır. Bu sular torpaq süxurlarına böyük təsir edir, onun xassələrini dəyişir. - İstinad divarlarının tikilməsi torpaq sürüşmələrinin qarşısını nə dərəcə alır və ümumiyyətlə Azərbaycanda istinad divarlarının tikilməsi qaydasında aparılırmı? - İstinad divarı mütəxəssis dilində deyilən sözdür. Bu sadə divar, hasar deyil. İndi çox vaxt sürüşmə zonalarında istinad divarı adı altında sadə hasar tikirlər ki, bu da əhəmiyyətsiz olur. Təsəvvür edin ki, həmin hasarın yerinə sadə qazet kağızı qoymusunuz. Eyni ilə nəticə verir. Çünki istinad divarı elə qoyulmalıdır ki, milyon tonlarla ağırlığı saxlaya bilsin. İstinad divarları tikəndə, dərin quyular qazılmalıdır. Quyuların dərinliyi isə köklü süxurlardan asılı olmalıdır. Tutaq ki, Bayıl ərazisində baş verən sürüşmədə dərinliyi 80 metrdən başlamış quyular qazılmalıdır. Yuxarıda kütlənin dərinliyi çox olduğu üçün dərinlik də çox olur, amma dəniz tərəfə getdikcə, quyunun dərinliyi azalır. - Bu il ümumiyyətlə Azərbaycana, eləcə də paytaxta daha çox yağıntı düşdü. Yəqin ki, daha çox rastlaşdığımız torpaq sürüşmələrinin səbəblərindən biri də yağıntının çox olmasıdır - Ümumiyyətlə torpaq sürüşməsinin əsas faktoru sudur. Bir anlıq fikirləşək ki, torpağın altındakı gil su ilə qarışanda, yumşalır və yağ kimi sürüşkən hal alır. Belə halda torpağın üstündəki hansısa təsir torpaq qatının oynaması ilə nəticələnir. - Əvvəllər yaşıllıq çox idi, ağaclar çox əkilirdi. Yəqin ki, bu amil də torpaq sürüşməsinin qarşısını müəyyən mənada alırdı. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı - Bəli, elədir. Torpağın dərinliyinə işləyən ağac kökləri dərinlikdəki suyu çəkir. Əlbəttə ki, torpaq sürüşməsinin qarşısının alınması üçün variantlardan biri də ağacların əkilməsidir. Ağacların da müəyyən tipləri var ki, məsələn şam ağacları, onların kökləri çoxşaxəlidir. Yolboyu, əsasən də meyilli ərazilərdə, sürüşmə aktivliyi olan yerlərdə ağaclar əkilməlidir. Çox təəssüf ki, bizdə ağacları qırırlar. Bununla da torpağın sürüşməyə qarşı olan sığortaya zərbə vurulur. - Masazır, Bayıl, Xətai, həmçinin Ağsu aşırımı, Şamaxıda və digər regionlarda torpaq sürüşmələri bir-biri ilə əlaqəlidirmi? - Yox, bu sürüşmələrin bir-biri ilə əlaqəsi yoxdur. Ağsu dolayında, Şamaxının yuxarı hissələrində, Lerik zonasında, Quba-Xaçmaz ərazisində və digər ərazilərdə hər il torpaq sürüşmələri olur. Amma torpaq sürüşmələri yollarda ona görə çox nəzərə çarpır ki, torpaq örtüyünün üstündə yaranan çatlar adi gözlə aydın görünür. Bilirsiniz torpaq sürüşməsi yollarda, yol kənarlarında daha çox aydın görünür? Çünki yumşaq torpaq layının üstündən çəkilən yoldan keçən ağır tonnajlı avtomobillər yeri tərpədir. Şosse yolunda gündə neçə yüzlərlə maşın keçir. Bununla da, yerin altındakı süxurlar daim qıcıqlanır. Bir balaca zəlzələ, təkan yeri tərpədir. Dağlarda, yaşayış az olan massivlərdə də torpaq sürüşmələri olur, lakin bizim bundan xəbərimiz olmur. Yəni biz mütəxəssislərin xəbəri olur, amma sadə vətəndaşlar, mətbuat nümayəndələri xəbərsiz olur. Ona görə də xəbər yayılmır. Amma ötən illərlə müqayisədə bu il həm zəlzələlərin, həm də torpaq sürüşmələrinin sayı çox olacaq. Lakin qorxmağa ehtiyac yoxdur, zəlzələlərin gücü az olacaq. Əslində belə tipli yeraltı təkanlar hər gün olur. Bu yalnız xüsusi aparatlar vasitəsilə qeydə alınır. - Ümumiyyətlə bu tipli təbiət hadisələri ən çox hansı ərazilərdə baş verə bilər? - Harada həmişə torpaq sürüşmələri olub, yenə də olacaq. Böyük Qafqazda, Quba-Xaçmaz zonasında olan sürüşmələr yenə özünü göstərir. Kiçik Qafqazda və s. yerlərdə olacaq. Amma bu vaxta qədər torpaq sürüşmələri olmayan ərazilərdə bu tipli hadisə qeydə alınmayacaq. - Paytaxtda hündür mərtəbəli binalar tikilir. Maraqlıdır ki, belə binaların çoxalması torpaq sürüşməsinə hər hansı bir təsir edə bilərmi? - Əlbəttə ki, hündür mərtəbəli binalar tikilən zaman həmin zonaya böyük təsir edir. Əvvəllər hansısa ərazidə bina tikilməmişdən əvvəl bizə müraciət edilərdi və mütəxəssislərimiz həmin ərazidə müəyyən müşahidələr aparardı. Biz öz məsləhətlərimizi verərdik. Düzdür onsuzda bizim sözümüzə çox fikir verməzdilər, amma yenə də məsləhətlər verirdik. Amma son dövrlər heç bizə müraciət belə edilmir. Əslində binanın özülü atılanda, problem yaranır. Yer qazılır və ərazidə kütlənin qabağı açılır. Amma düzgün sistemlə tikilən bina əksinə sürüşmənin qarşısını ala bilər. Binanın özülü qazılmamışdan əvvəl binanın yerləşəcəyi mayili hissəyə istinad divarı vurulmalıdır. Bunun üçün çox böyük vəsait tələb olunur. Bəlkə də binanın tikilməsinə çəkilən xərc qədər istinad binasının tikilməsinə vəsait tələb olunur. Bu da çox sahibkara sərf etmir. Hazırda bu problemlə müəyyən mənada mübarizə aparılır.