2013-cü il Azərbaycan üçün bütün sahələrdə uğurlu bir il olub.
Bu barədə AZXEBER.COM-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.Onun sözlərinə görə, bu il ölkənin xarici siyasətində önəmli hadisələrlə yadda qalacaq:“Azərbaycan cari ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasında ikinci dəfə sədrlik etdi. Bu müddət ərzində maraqlı təkliflərlə, təşəbbüslərlə çıxış etdik. BMT Təhlükəsizlik Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığa həsr olunmuş yüksək səviyyəli görüş keçirildi”.XİN-in rəsmi nümayəndəsi Azərbaycan xalqı üçün vacib və tarixi hadisələrdən biri kimi 9 oktyabrda keçirilmiş prezident seçkilərini vurğulayıb:“Azərbaycan xalqı çox şəffaf və demokratik şəkildə öz prezidentini seçdi. Bu gün Azərbaycan Prezidenti çox uğurlu bir siyasət həyata keçirir. Ölkəmizin dünyaya tanıdılmasında önəmli addımlar atır”.E.Abdullayev “Şahdəniz 2” layihəsi üzrə Bakıda yekun investisiya qərarının imzalanmasına da diqqət çəkib: “Əlbəttə ki, bu mərasim çox önəmli bir beynəlxalq hadisə idi. “Əsrin müqaviləsi 2” adlandırılan bu möhtəşəm tədbirdə bir çox ökələrin yüksək səviyyəli nümayəndələri, rəhbər şəxsləri iştirak etdilər.“Şahdəniz” lə bağlı bir məqamı da qeyd etmək istəyirəm, bu da təbii ki, Azərbaycanın Avropada enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolun gücləndirilməsindən ibarətdir”.XİN rəsmisi noyabr ayında Vilnüsdə “Şərq Tərəfdaşlığı” sammitində Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi üzrə imzalanan sazişi xatırladıb və bunun ölkəmizlə qurum arasında əməkdaşlığı yeni bir mərhələyə çıxardığını vurğulayıb:“Təbii ki, bu, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsinə əsas zəmin yaratdı. Hazırda inteqrasiya meyilləri davam etdirilir əməkdaşlıq genişləndirilir”.E.Abdullayev Azərbaycanın hər il olduğu kimi bu il də xarici siyasətində humanitar xətti gücləndirdiyini qeyd edib:“Buna dəlalət edən bir neçə məqam var. Azərbaycanda növbəti Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Forumda böyük sayda xarici qonaqlar iştirak etdi və Azəbaycan hazırda beynəlxalq səviyyədə humanitar fəaliyyətin gücləndirlməsinə töhfə verən ölkələrdən biri sayılır.Digər tərəfdən, Azərbaycanın beynəlxalq siyasətdə humanitar xəttin gücləndirilməsinə dair beynəlxalq layihələrdə iştirakı, ölkəmizdə tədbirlərin keçirilməsində Heydər Əliyev Fondunun xüsusi rolu var. Bu, Azərbaycanın xarici siyasətini gücləndrən bir istiqamətidir”.Regional səviyyədə keçirilmiş bir sıra tədbirləri vurğulayan XİN rəsmisi, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının tədbirlərini qeyd edib.E.Abdullayev ikitərəfli münasibətlərin gücləndirilməsində də vacib addımların atıldığını, səfərlər mübadiləsinin həyata keçirildiyini bildirib.