Azərbaycanda palliativ yardım xidmətinə olan ehtiyaclar qiymətləndiriləcək.
Səhiyyə Nazirliyindən virtualaz.org saytına bildiriblər ki, palliativ yardım, yəni əlillərə, ahıllara, ağır yataq xəstələrinə, xəstəliyin ağırlaşan və geridönməz mərhələsi diaqnozu qoyulmuş pasiyentlərə həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə onlara və ailə üzvlərinə göstərilən xidmətlərin geniş tədbirlər sisteminin yaradılması nəzərdə tutulub.
"Yaxın günlərdə paytaxtda və regionlardakı tibb müəssisələrində bu xidmətdən bəhrələnə biləcək xəstələr və onların yaxınları arasında sorğular keçiriləcək. Araşdırma zamanı palliativ yardım xidmətinin yaradılması üçün mövcud imkanlar və əngəllər müəyyən ediləcək. Palliativ yardıma ehtiyacı olan əsas xəstə qruplarının və xəstəliklərin siyahısının tərtib edilməsi planlaşdırılır", - deyə xəbərdə qeyd edilib.
Gələcəkdə palliativ yardımdan faydalanacaq pasiyentlərin ehtiyac duyduqları dərman və digər tibbi ləvazimatların siyahısının ilkin olaraq müəyyənləşdirilməsində bu araşdırma yardımçı olacaq.