"Tolik Natavandan üzr istəməsə, həbs olunacaq" - VƏKİL

MAQAZİN
19:20 24.01.2015
3707
Prodüser Toliklə müğənni Natavan Həbibi arasındakı qalmaqal davam edir.

“Qafqazinfo”nun məlumatına görə, bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsində Natəvan Həbibinin prodüser Tolikə qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuza xələl gətirilməsi” ilə bağlı iddia ərizəsinə yenidən baxılıb. Prodüser Tolik instaqramda məhkəmə qərarını icra etməyəcəyini yazıb.

Məsələ ilə bağlı müğənni Natavan Həbibi ilə əlaqə saxladıq. Sənətçi bu barədə saytımıza açıqlama verib:

“Mən demək istəyirəm ki, bu ölkədə qanunlar var və bu qanunlar məhkəmədə düzgün tətbiq olunur. Kimliyindən asılı olmayaraq heç kəs qanunları və məhkəmə qərarlarını şübhə altına sala bilməz. Məhkəmədən sonra Tolikin instaqramda yazdıqları isə sadəcə məğub şəxsin psixoloji portretidir. Tolik yazdıqları yalanlara və təhqirlərə görə üzr istəməlidir”.

Natavan Həbibi Tolikə məhkəmədə qalib gəlməsi üçün yaxından köməklik göstərməyə cəhd edən “vəzifəliləri” də düzgün mövqe tutmağa, qanunlarımıza hörmət etməyə çağırıb.

Müğənninin vəkili Adəm Məmmədov isə bildirib ki, kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı dövlətin qanunlarına və məhkəmə qərarına hörmətlə yanaşmalıdır:

“Burada söhbət Natəvan Həbibinin şərəf və ləyaqəti ilə yanaşı qüvvəyə minən qanundan gedir. Əgər Tolik Natəvan xanıma hörmət qoymursa, dövlətin adından çıxarılan qanuna hörmət etməlidir. İlk növbədə Tarix Əliyevin Natəvan Həbibidən üzr istəməməsi Azərbaycan dövlətinin qanunlarına olan hörmətsizliyidir. Qərar dövlətin adından çıxarılıb. Birmənalı şəkildə qərar icra olunmalıdır. Qanunun icra olunması üçün prodüserin olduğu yer üzrə qətnamə ilk növbədə icra məmuruna göndərilir. İcra məmuru prodüserə könüllü icra üçün, yəni üzr istəməsinə görə 10 gün müddətinə vaxt verir. Əgər həmin vaxtda o, bunu etmirsə onu inzibati məsuliyyət gözləyir. Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 313-1.3 maddəsinə əsasən onu həm 500-1000 manat arasında cərimə, eyni zamanda bir aya kimi inzibati həbs gözləyir”.

A.Məmmədov qeyd edib ki, Tolik bu cəzanın tətbiqindən sonra qeyd olunan qərarı icra etməzsə, icra məmuru bununla bağlı cinayət işinin başlanması ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat yazmalıdır, çünki Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulur ki, şəxs məhkəmə qərarını, hökmünü, qətnaməsini icra etmirsə, müəyyən mənada maneçilik törətmə 1000-3000 min manata kimi cərimə, 320 saatdan 480 saata kimi ictimai işlər, 2 il müddətinə kimi islah işləri və 3 ilədək müddətinə azadlıqdan mərhum etmə cəzaları nəzərdə tutulur:

“Qətnaməni icra etməmək özü həm həbs, həm də inzibati məsuliyyət daşıyır. Konstitusiyada nəzərdə tutulur ki, qanun icra olumalıdır”.

OXŞAR XƏBƏRLƏR