Yaxın 3 gün ərzində temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
Bakı və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın dediyinə görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 18-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-13, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.