Gənclər günü ərəfəsində “İRƏLİ” İctimai Birliyi paytaxtda və rayonlarda iri miqyaslı layihələrin həyata keçirilməsini planlaşdırır.
Tədbirlər çərçivəsində 1 Fevralda İçəri Şəhərdə Gənclər və İdman nazirliyi, Atəşgah Sığorta və “hp” şirkətinin dəstəyi ilə “İRƏLİ” Gənclər Mərkəzi adlanacaq çoxfunksiyalı, ümumi ərazisi min kvadrat metr olan gənclər mərkəzinin açılışı planlaşdırılır.
Sabirabad rayonunda isə “İRƏLİ” İctimai Birliyinin, AFFA-nın, “Melyorativ Maşın Stansiyası” MMC-nin və Sabirabad şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə gənclər və uşaqlar üçün süni örtüklü futbol stadionunun və açıq hava idman parkının tikintisi davam edir.
Tədbirlər çərçivəsində Sabirabad Sosial İqtisad Kollecinin kompüter otağı ilə təchiz edilməsi məsələsinin həll olunması məqsədi ilə “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və “hp” şirkətinin dəstəyi ilə kollecə 10 ədəd kompüter və aidiyyatı üzrə texniki ləvazimatlar hədiyyə ediləcəkdir.
Gənclər günü ərəfəsində tədbirlərin davamı kimi 31 yanvarda Sabirabad rayon gənclər və idman idarəsi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Sarayında konsert proqramı təşkil ediləcəkdir. Proqramda rayonun fəal gəncləri mükafatlandırılacaq, eyni zamanda konsertdə tanınmış ulduzlar Tünzalə Ağayeva və digər tanınmış qonaqlar iştirak edəcək.