Təhsil Nazirliyi paytaxtdan kənar ali təhsil müəssisələrinə qəbul ballarının Bakıdakı ali məktəblərlə müqayisədə aşağı salınması təklifini çıxış edib. Bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib:
"Məsələn, Mingəçevirdə də, Bakıda da texniki universitet var. Mingəçevirdəki Texniki Universitetdə qəbul üçün balların aşağı salınması lazımdır. Amma bu təklifin qəbul edilib-edilməyəcəyi barədə hələ ki, nə isə deyə bilmərəm".
Misir Mərdanov ali məktəblərin ödənişli ixtisaslarına qəbul olunan məcburi köçkün tələbələrin ödənişdən azad olunduqlarını xatırladaraq "biz istəyirik ki, bunun üçün büdcədə kompensasiya nəzərdə tutulsun" deyib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu məsələyə baxıla biləcəyini deyir, amma düşünür ki, əslində müsabiqəyə buraxılma balının aşağı salınmasından söhbət gedə bilər: "Çünki hansısa ali təhsil müəssisəsinə qəbul zamanı balın müəyyənləşdirilməsi abituriyentin topladığı baldan asılı olur. Yəni bu öz-özünü tənzimləyən bir prosesdir. Təcrübə də göstərir ki, paytaxtdan kənarda yerləşən ali məktəblərə daha aşağı balla qəbul olurlar, nəinki Bakıda yerləşən təhsil müəssisələrinə".
Bir sıra ekspertlər təhsil nazirinin təklifinin əhəmiyyətli olduğunu vurğulayırlar. Bunun sosial, iqtisadi və s. məsələlərlə bağlılığını qeyd edirlər. Balların aşağı düşməsi deyəndə kəskin fərqlərin nəzərdə tutulmasının mümkün olmadığını nəzərə alsaq, Bakıya gələn tələbələrin regionlardakı ali məktəblər üzrə paylanması, bölgələrdəki ali məktəblərin daha da genişləndirilməsinin mümkünlüyü və s. məqamların da mühüm önəm daşıdığını söyləmək olar.
Maraqlıdır ki, TQDK nümayəndəsi də paytaxtdan kənarda yerləşən ali məktəblərə daha aşağı balla qəbul aparıldığını bildirib.
Bəzi ekspertlər isə paytaxtdan kənar ali təhsil müəssisələrinə qəbul ballarının Bakıdakı ali məktəblərlə müqayisədə aşağı salınması təklifinin əleyhinədirlər.
Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlünün fikrincə, regionlarda yerləşən ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ciddi addımların atılması daha məqsədəuyğun olardı: "Bu prosesin həyata keçirilməsi aşağı səviyyəli abituriyentlərin universitetlərə qəbul olmasına şərait yaradacaq. Onlar həm də aşağı səviyyəli ixtisas, peşə sahibləri olacaqlar. Balların aşağı salınması haqqında düşünməkdənsə, paytaxtdan kənar universitetlərin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi haqqında fikirləşməyə böyük ehtiyac var. Hazırda aktual problem budur. Bakıdan kənarda yerləşən ali təhsil müəssisələrinə qəbulu azaltmaqla bağlı da fikirlər səslənir, ancaq mən bunu da doğru saymıram. Bölgələrdə yerləşən universitetləri inkişaf etdirmək lazımdır, qəbulu azaltmaq yox... Bölgələrdə universitetlərin inkişafı kəndin şəhərə axının qarşısını da ala bilər".
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə deyir ki, qəbul prosesində kimlərəsə güzəşt etmək doğru deyil:"Bu fiziki yük deyil ki, qocaya az, cavana çox verəsən. Ali məktəbin harada yerləşməsinin heç bir fərqi yoxdur, təhsil eyni standartı doğrultmalıdır. Qəbul da eyni standarta cavab verməlidir. Təhsildə güzəşt olmaz ki... Ağıla, biliyə də güzəşt olar? Bu, qətiyyən doğru yanaşma deyil. Ona görə də yəqin ki, bu təklif keçməyəcək. Mənim Misir Mərdanova çox böyük hörmətim var, ancaq belə şeylərə elmi yanaşmaq lazımdır". Əjdər Ağayevə görə, regionda yerləşən universitetlərə başqa güzəştlər verilə bilər: "Qoy, abituriyentlər yüksək ballarla bu universitetlərə qəbul olsunlar, təhsil aldıqları müddətdə isə onlara şərait yaradılsın. Təqaüd çox versinlər, yataqxana düzəltsinlər, yaşamağa şərait yaratsınlar. Yoxsa, qəbulda nə güzəşt. Mənim ağlım kəsmir bunu, belə bir şey ola bilməz".
//"Xalq Cəbhəsi"