Vahid məktəbli formalarının tikilməsi ilə bağlı qalmaqallarda adı hallanan Bakı Tikiş Evi istehsal etdiyi məhsulun qiymətində dəyişiklik olacağını artıq indidən bildirməyə başlayıb. BTE ASC-nin direktor müavini Eldar Haqverdiyev KİV-ə bildirib ki, dünya bazarındakı bahalaşma zamanı sifarişlər əvvəlki qiymətlərlə yerinə yetirilərsə, bu, tikiş evinin zərərə düşməsi demək olacaq. Çünki BTE dünənədək 1 metrini 5,85-6 dollara aldığı parçanın qiyməti 6,8-7 dollara qalxıb. Bunu nəzərə alan BTE geyimlərin qiymətinə yenidən baxılması üçün sifarişçilərə müraciət etməyə hazırlaşır.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı "Şərq"ə açıqlamasında bildirdi ki, idarə məktəbli formasının qiymətinə müdaxilə etmir. Geyimin qiymətini istehsalçı müəyyənləşdirir:
- Biz qiymət məsələsinə müdaxilə etmirik, qiymət təyin etməkdə istehsalçı sərbəstdir. Bizim üçün önəmlisi odur ki, şagird məktəbə məktəbli formasında gəlsin. Heç bir məktəbin ixtiyarı yoxdur ki, valideyndən ancaq Bakı Tikiş Evinin tikdiyi məktəbli formasını almağı tələb etsin. Biz bunu tədris ilinin başlanğıcında da demişik, mövqeyimizi bildirmişik. Bəlkə kimsə gedib parça alıb tikdirəcək, kimsə başqa bir yerdən əldə edəcək. Bunun heç kəsə dəxli yoxdur. Əsas odur ki, şagirdlər məktəbə müəyyənləşmiş vahid məktəbli formasında gəlsinlər. Ancaq işin bir tərəfi də bundan ibarətdir ki, hələ ki, ən keyfiyyətli məhsul ortaya qoyan BTE-dir. Elə valideynlər olub ki, məktəbli formasını gedib aeroportdan alıblar, Çin istehsalı imiş və keyfiyyətsiz olub. Biz deməmişik ki, gedin aeroportdan alın. Xüsusi geyim formalarının istehsalına görə hələ ki, Azərbaycanda BTE-nin gücünə malik ikinci bir fabrik yoxdur. Ona görə məsləhət olunur ki, BTE-nin istehsal etdiyi məktəbli forması alınsın. Yoxsa ki, biz kimisə buna məcbur etmirik və heç kəs də valideynləri buna məcbur edə bilməz. BTE 340 min şagirdi məktəbli forması ilə təmin etməyi üzərinə götürüb. Bu işi üzərinə götürən başqa bir şirkət hələ ki, yoxdur.
Z.Əliqızı onu da xatırlatdı ki, 2011-2012-ci tədris ilindən etibarən yuxarı sinif şagirdlərinin vahid məktəbli formasına keçidi məcburi qaydada olacaq. Yuxarı sinif şagirdləri üçün müəyyənləşmiş vahid məktəbli formasını da BTE istehsal edəcək.
//Şərq