Tezliklə Bakı metropolitenində hərəkətin idarə edilməsi, təşkili və tənzimlənməsi, sərnişin təhlükəsizliyinin təmin edilməsini təmin edəcək yeni texnoloji korpusun inşasında sonuncu mərhələ başlayacaq, daha sonra binanın təchizat işlərinə keçiləcək.AZXEBER.COM-un Bakı Metropoliteninin rəsmi saytına istinadla verdiyi məlumata görə, bununla əlaqədar metropoliten rəisi Tağı Əhmədov texnoloji korpusda xidmət, şöbə və sahə rəhbərləri, eləcə də mütəxəssislərin iştirakı ilə geniş səyyar müşavirə keçirib.Metropoliten rəisinin müavini, tikilən Bakı metropoliteni müdiriyyətinin rəisi Arif Rəsulov sahədə tikinti və quraşdırma işlərinə başçılıq edən mütəxəssislərlə birgə görülən son işlər barədə ətraflı məlumat verib. 3 blokdan ibarət 9-mərtəbəli binanın ilk 2-4-cü mərtəbələri qatar hərəkəti və təhlükəsizlik məsələlərinin təminatında həlledici sahələri ətrafında cəmləyəcək. Burada dispetçer məntəqələri, video müşahidə sistemləri, rabitə və işarəvermə, enerji avadanlıqları yerləşdiriləcək.Tikintinin davam etdiyi müddətdə burada mühəndis sistemləri, avadanlıq və cihazların yerləşdirilməsi, eləcə də iş sisteminin qurulması, işçilərin hər bir şəraitlə təmin edilməsi üçün lazım olan ilkin tədbirlər görülüb. Artıq bütün sahələr üzrə layihələr təsdiq olunub, avadanlıq və cihazların sifarişi verilib. Əsasən Kanada istehsalı olan təchizat hissələri bir çox aparıcı dünya metropolitenlərində özünü sübut edib və ən müasir texnologiyalara söykənir. Mart ayında gətiriləcək avadanlıqların quraşdırılmasında metropolitenin köhnə tərəfdaşı olan Ukraynanın LOT şirkəti yaxından iştirak edəcək.Dispetçer məntəqələrinin fəaliyyəti təkcə indi fəaliyyət göstərən xətlər üçün nəzərdə tutulmayıb. Burada tikintisi davam edən bənövşəyi, həmçinin hələ layihələndirmə mərhələsində olan mavi, eləcə də sarı xəttin də dispetçer məntəqələri üçün yer nəzərdə tutulub.İdarə rəisi təsdiq olunmuş son layihələrlə bağlı məlumatı dinlədikdən sonra sahə rəhbərləri və mütəxəssislərin də fikirləri ilə maraqlandı. O, əsas tikinti işlərini icra edən "Azərtunelmetrotikinti"nin də sahə rəhbəri və mütəxəssislərinin işi ilə maraqlandı. Onlar iyun ayına qədər binanın, əsasən, hazır olacağını qeyd etdilər.Binada, həmçinin metropoliten strukturuna daxil olan vahidlərin rəhbər və əsas mütəxəssis ehtiyatı da yerləşdiriləcək. 5-9-cu mərtəbələr xidmətlər, idarə aparatı və şöbələr nəzərdə tutulub.Binada ümumi havalandırma və kondisionerləşdirmə, isitmə, həmçinin müasir siqnalizasiya və yanğın təhlükəsizliyi sistemləri tətbiq olunacaq. Bununla bağlı əsas işlər artıq görülüb, kanallar, boru xətləri çəkilib, avadanlıqların əksər qismi yerləşdirilib. Binanın rabitə xətlərinin çəkilməsi də başa çatdırılıb.Binanın üst qatında yerləşən verandada 80-100 nəfərlik 2 yeməkxana da olacaq. Hər iki obyekt artıq avadanlıqların yerləşdirilməsi üçün tam hazır vəziyyətə gətirilib.