Bakı Metropoliteninə məxsus vaqonlar Gürcüstana göndərildi
Bütün Xəbərlər
21:37 26.02.2013
1291
Ötən ilin sonlarında Bakı Metropoliteninin 1 qatar tərkibini formalaşdıran 5 vaqon modernləşdirmə məqsədilə Tbilisi elektrik qatarlarının təmiri zavoduna yola salınıb. Bakı Metropoliteninin mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə metropolitenin baş mühəndisi Fuad Tağızadə həm tanışlıq, həm də vaqonların təmirində işlərin gedişi ilə maraqlanmaq məqsədilə Gürcüstan paytaxtında olub.Tbilisi elektrik vaqonların təmiri zavodunda təmirin tam sürətlə aparıldığını deyən baş mühəndisin sözlərinə görə, artıq aprel ayında bu proses tamamlanacaq və planauyğun surətdə, 25 il istismarda olan bu vaqonlar əsaslı təmirdən sonra görkəmini tam dəyişəcək.Dizayn dəyişiklikləri, demək olar ki, tam yeni vaqon təəssüratı yaradacaq. Müqaviləyə uyğun olaraq, təmirçilər kuzovu qumvuran aparatla tam təmizləyirlər.Vaqonların alt sahəsi, elektrik, mexaniki və pnevmatik hissələri, arabacığı tam defektoskopiya və digər müayinələrdən keçirilərək təftiş olunur. Tələblərə və normalara uyğun bütün dəyişikliklər edildikdən sonra vaqon rənglənərək təzədən yığılacaq. Bütün avadanlıqlar, mexanizmlər və maşın cihazları da təftiş olunacaq, yenilənəcək. Elektrik sistemi də büsbütün dəyişəcək, naqillər və kabellər yenidən çəkiləcək.Təmirçilər vaqonlarda bir sıra müasir avadanlıq və cihazları quraşdırırlar. Vaqonun iç və çöl hissəsində də təmir işləri müasir standartlara uyğunlaşdırılacaq. Akkumulyatorlar Almaniya istehsalı olan daha müasir alternativləri ilə əvəzlənəcək. Onlar köhnələrdən fərqli, quru və az həcmli, lakin daha məhsuldardır.Vaqonlar əsaslı dizayn dəyişikliyinə də uğrayacaq. Xüsusən ön tərəfin dizaynı ilkin təəssüratları dəyişəcək. Maşinist kabinəsində də əsaslı yeniliklər olacaq. Onun idarəetmə pultu, işıqlanma sistemi tam müasir ekvivalenti ilə əvəzlənəcək. Maşinist üçün salon daha rahat olacaq.