AZXEBER.COM portalı, Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun Press24.az-a verdiyi müsahibəni təqdim edir. - Tağı müəllim, sizin yanınıza gələrkən ilk diqqətimi cəlb edən metropolitenin girişindəki elan oldu: “Boş iş yeri yoxdur...” - Hazırda Bakı Metropolitenində boş iş yeri yoxdur. İş yeri o vaxt olar ki, metroda yeni stansiya, yeni depo açılsın. İş üçün müraciət edənlərin hamısına deyirəm ki, yeni iş yerləri 2014-cü ildə olacaq. Özü də ən azı 1000 nəfərlik iş yeri. Həmin il “Əcəmi-2” və “Avtovağzal” stansiyaları ilə yanaşı, həm də 2 depomuz istifadəyə veriləcək. - Dünyanın bir çox ölkələrində olduğu kimi, bizdə də camaat bomj və dilənçilərin metroda onları narahat etməsindən şikayətlənir. Dilənçilərlə mübarizə aparmaq bu dərəcədəmi çətindir? - Hamı kimi dilənçinin də öz hüquqları var. Digər sərnişinlər kimi onlar da 20 qəpik ödəyib metroya daxil olur və vaqona minir. Sonra vaqonda dilənməyə başlayır. Biz nəzarət üçün hər vaqona 1 polis təhkim edə bilmərik. Təbii ki, polis və yaxud metro işçisi onların diləndiklərini, camaatı narahat etdiklərini görəndə saxlayırlar. Saxlanılan dilənçilər bir qayda olaraq, Binəqədi polis bölməsinə göndərilir. Həmin dilənçiləri orada bir neçə saat saxladıqdan sonra gərək onları yerlə, qida ilə təmin edəsən. Bu isə mümkün deyil. Ona görə də saxlanılan dilənçilər bir neçə saatdan sonra buraxılır və onlar yenidən “iş başına” qayıdırlar. Təbii ki, əməkdaşlarımız üzdən onları tanıyanda yenidən saxlayırlar. Bizim əlimizdən gələn yalnız bu qədərdir. Onların sərnişinləri narahat etməməsi üçün bacardığımız qədər mübarizə aparırıq. - Maraqlıdır, metroda qatarların hərəkət sürətini artırmaq mümkündürmü? - Xeyr, belə bir şey mümkün deyil. Bakı Metropolitenində qatarın hərəkətinin maksimum sürəti saatda 80 km-dir. Yolun hansı istiqamətində hansı sürətin tətbiq olunacağını maşinist yox, sistem özü tənzimləyir. Təbii ki, bütün yollarda yüksək sürət tətbiq oluna bilməz. Həmin göstərici yolun mahiyyətindən asılı olaraq, dəyişir. Digər ölkələrdən fərqli olaraq, bizdə metro yollarında 39-40 faiz əyrilik var. Məsələn “Nizami” stansiyasından “Elmlər Akademiyası”na doğru hərəkət edən qatar 1200 metr (hər 10 metrdə 6 metr) yüksəkliyə qalxır. Bundan asılı olaraq qatarın sürəti də dəyişir. Orta sürət təxminən saatda 52 km-dir. Əslində bu, qaneedici rəqəmdir. Məsələ burasındadır ki, bu gün maşinist istəsə də, qatarın sürətini artıra bilməz. Çünki metroda qatarların sürətini avtomatik tənzimləyən sistem fəaliyyət göstərir. Əgər maşinist sürəti özbaşına artırsa, həmin sistem qatarın hərəkətini avtomatik saxlayacaq. Fikrimcə, bu olduqca əlverişli sistemdir. Bu gün metroda maşinistlərin böyük əksəriyyəti qatarı təkbaşına idarə edirlər. - Ümumiyyətlə, qatarın hərəkətinin orta sürətini artırmaq nə dərəcdə məqsədəuyğundur? - Qətiyyən məqsədəuyğun deyil. Dünyada metro qatarının maksimum sürəti 90 km-dir. Bakı metrosunda həmin rəqəm saatda 80 km-dir və bu, bizi qane edir. Təkcə onu qeyd etmək kifayətdir ki, sərnişin sıxlığının müşahidə olunduğu vaxt “28 May” - “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlar arasında interval 2 dəqiqə olur. “28 May” stansiyasından “Dərnəgül” və “İçərişəhər” istiqaməti üzrə isə bu rəqəm 4-5 dəqiqədir. Sözügedən xətdə qatarlar arasında fasilənin artmasına səbəb “28 May” stansiyasının dispetçer rolunu oynamasıdır. Belə ki, ora gələn qatarlar qrafikdən asılı olaraq ya “İçərişəhər”, ya da “Dərnəgül” stansiyasına yönləndirilir. Amma yaxın gələcəkdə həmin 4-5 dəqiqəlik fasilə də azalacaq. Çünki “Cəfər Cabbarlı” – “Xətai” xətti ilə “Neftçilər” – “İçərişəhər” xətti ayrılacaq. Ümumiyyətlə, qatarlar arasındakı fasilənin müddəti bu və ya digər stansiyadakı sərnişin sıxlığından asılıdır. Bu gün “Neftçilər” stansiyasında həddən artıq çox axın müşahidə olunur. Buna görə də həmin xətt üzrə interval mütləq 2 dəqiqə olmalıdır. Təbii ki, söhbət sərnişin sıxlığının müşahidə olunduğu vaxtdan gedir. Adi vaxtlarda isə intervalı azaltmağa heç bir lüzum yoxdur. Axı ehtiyac olmayandan sonra qatar xəttə niyə buraxılmalıdır? Bu, israfçılıqdır. Qatarın işlətdiyi elektrik enerjisi həddən artıq çoxdur. Təkcə onu qeyd edim ki, bu gün biz elektrik üçün ayda 650 min manat pul ödəyirik. - Bakı Metropolitenində hazırkı kriminal durum hansı vəziyyətdədir? - Bakı Metropoliteni şəhərin bir hissəsidir. Paytaxtın ümumi kriminal durumu hansı vəziyyətdədirsə, metroda da o cürdür. Oğurluq da olur, bıçaqlanma da, xuliqanlıq da... Bu kimi halları nəzarətdə saxlamaq üçün metroda xüsusi müşahidə kameraları quraşdırılıb. Onların köməyi ilə bütün stansiya və depolara nəzarət etmək mümkündür. Məsələn, təkcə “İçərişəhər”də indi 32 müşahidə cihazı var. Elə stansiyalarımız var ki, orada 160-170 kamera quraşdırılıb. Ümumilikdə onların sayı 3200 ədəddir. Texnikanın sayəsində biz vaqonda baş verənləri də müşahidə edə bilərik. Bu yaxınlarda vaqonda bıçaqlanma hadisəsi baş vermişdi. Polis bölməsindən müraciət daxil oldu, biz də həmin kadrları tapıb, baş verənləri izlədik. Cinayəti törədənlərin şəkilləri çıxarıldı və onlar saxlanıldılar. Bu kimi hallar nəzərə alınaraq, metrodakı müşahidə kameralarının çəkdiyi kadrlar bir ay saxlanılır. - Gün ərzində metrodan müxtəlif sosial təbəqəyə mənsub sərnişinlər istifadə edirlər. Maraqlıdır, onların komfortları üçün hansı yeniliklər tətbiq edirsiniz? - Bəli, metrodan sitifadə edənlər arasında adi fəhlədən, tələbədən tutmuş ziyalıya, iş adamına qədər müxtəlif sərnişinlər olur. Onların rahatlığını təmin etmək üçün hər cür imkanlardan yararlanırıq. Məsələn, bu yaxınlarda metro sərnişinlərini düz bir il Internetlə təmin etdik. Gələcəkdə bu xidmətin daimi olmasına çalışacağıq. Bu, gec-tez olacaq. Xatirinizdədirsə, 1999-2000-ci illərdə metro istifadəçiləri yerin altında mobil telefondan istifadə edə bilmirdilər. Stansiyalarda mobil rabitənin tətbiqi dünyada ilk dəfə Bakı Metropolitenində həyata keçirilib. Bizdən sonra bu yeniliyi Moskva tətbiq etdi. İndi tuneldə də mobil telefonla danışmaq mümkündür. Bu, texnikanın inkişafıdır. Gələcəkdə İnternet baxımından metroda heç bir problem olmayacaq. - Bakı Metropoliteni beynəlxalq təşkilatlarla əməkdaşlıq edirmi? - Əlbəttə. Bakı Metropoliteni 1999-cu ildən Beynəlxalq İctimai Nəqliyyat İttifaqının üzvüdür. İldə ən azı 2 dəfə həmin qurumun iclaslarına qatılırıq. Həmin toplantı hər dəfə dünyanın bir ölkəsində keçirilir. 2008-ci ildə sözügedən tədbir Bakıda təşkil olunub. May ayında keçirilən 2 günlük toplantıya dünyanın müxtəlif ölkələrinin metropoliten əməkdaşları qatılmıışdılar. Bundan savayı, MDB ölkələrinin də öz assosiasiyası var. Həmin qurum bir növ kordinator rolunu oynayır. Dünya metropoliten sistemində hər hansısa bir yenilik tətbiq olunanda həmin nəzəriyyəni jurnal və bülleten şəklində çap edilir. Beləcə, biz də həmin yeniliklərdən xəbərdar oluruq. - Bakı Metropolitenində yaxın gələcəkdə hansı yeniliklər gözlənilir? - Planlar çoxdur. Hazırda 8 stansiya və 2 yeni depo tikilməkdədir. “28 May” stansiyasında isə rekonstruksiya işləri gedir. Bundan əlavə, yeni dispetçer korpusumuz inşa olunur. Bir neçə aydan sonra təhvil veriləcək. “Avtovağzal”, “Memar Əcəmi-2”, “Həzi Aslanov-2” satnsiyalarından əlavə, Papanin küçəsində və Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında da yeni satnsiya tikilməkdədir. Həmin işlər yekunlaşdıqdan sonra “Köhnə Günəşli” metrosunun inşasına başlayacağıq. Hazırda Bakı Metropoliteni 23 stansiyadan ibarətdir. Prezidentimizin tapşırığına əsasən, 2030-cu ildək 73 stansiya olmalıdır. Təxminən ilə 3 stansiya düşür. Gələn il 2, 2016-cı ildə isə hardasa 8-10 stansiyanı təhvil verəcəyik. Getdikcə bu rəqəm yüksələcək. Stansiyalardan savayı, 2 yeni depo da tikirik. Üstəlik, Yeni Yasamalda daha bir depo üçün yer axtarırıq. Düşünürəm ki, hər xəttin öz deposu olmalıdır. Buna görə də planımız genişdir, tikinti işləri hələ bir neçə il davam edəcək. - Tağı müəllim, bildiyimizə görə, mütaliə etməyi sevən, ölkədə baş verən ictimai-siyasi prosesləri daima izləyən insansınız. Sonda istərdik ki, bir müddət əvvəl baş vermiş İsmayıllı hadisələrinə, o cümlədən Əkrəm Əylisli və Gülər Əhmədova ilə bağlı olaylara öz münasibətinizi bildirəsiniz. - Ölkənin ictimai-siyasi həyatında baş verənləri daima diqqətdə saxlamqla yanaşı, həm də rəhbərlik etdiyim Bakı Metropoliteninin kollektivini də mütəmadi olaraq məlumatlandırıram. Bu məqsədlə biz hər həftənin cümə günü bir yerə toplaşırıq. Hazırda gündəmdə olan məsələ Ağ evin rəsmi veb-səhifəsində yerləşdirilmiş Xocalı petisiyasıdır. Fevralın 25-dək kifayət qədər imza toplansa, həmin gün petisiya Ağ Evdə müzakirəyə çıxarılacaq və Barak Obama problemə öz münasibətini bildirəcək. Gündəmdə olan digər bir məsələ Əkrəm Əylislinin “Daş yuxular” romanıdır. Hər bir azərbaycanlı kimi mən də bu əsərin yazılmasına təəssüflənirəm. Əkrəmlə uzun illərdir ki, tanışam. Yaxşı yadımdadır, hələ 1988-ci ildə azərbaycanlılarla ermənilər arasında məlum münaqişələr başlayanda Ziya Bünyadov qəzetə açıqlama vermişdi ki, ermənilərin yeganə fikri Qarabağı almaqdır. 1989-cu ildə hadisələr ermənilərin xeyrinə cərəyan etməyə başlayanda Əkrəm Əylisli söylədi ki, erməni təbliğatı bizimkindən güclüdür, onlar bu məslədə bizdən daha fəaldırlar və mən o millətin oğlu olsaydım, bununla fəxr edərdim. Həmin söhbətdən illər keçdi. Elə bir zaman gəlib yetişdi ki, Azərbaycan bütün sahələrdə Ermənistanı geridə qoydu. Və Əkrəm Əylislinin belə bir məqamda çıxıb Naxçıvanın Ermənistana məxsus olmasını söyləməsi onun naqisliyini üzə çıxartdı. Bilirsiniz, Əkrəm özü deyir ki, o, anasını körpə olanda itirib və başqa uşaqların südünə şərik çıxıb. Görünür, həmin vaxt Əkrəm Əylisli erməni südü əmib. O, minlərlə şəhidimizin ruhuna hörmətsizlik edib. Axı harda görünüb ki, erməni azərbaycanlıdan mərhəmətli olsun. Həmvətənlərimizə olmazın zülmlərini verən, insanları diri-diri torpağa basdıran, uşaqları boruya doldurub qaynaqlayan erməni deyil, bəs kimdir? Bütün bunlar faktdır. Əkrəm kimə nəyi sübut etmək istəyir?! Görün, bu insan nə qədər həyasızlaşıb ki, deyir mənə “Şöhrət” və “İstiqlal” ordenlərini Heydər Əliyev verib, o da dünyasını dəyişdiyi üçün onları kimsə məndən ala bilməz. İsmayıllıda baş verənlərə gəlincə, hadisələri mən də mətbuatdan izləmişəm. Baş verənləri birmənalı şəkildə pisləyirəm. Ola bilsin ki, İsmayıllıda həqiqətən at oynadanlar var. Təbii ki, bu hal yerli sakinləri qıcıqlandırır. Amma hətta kimsə kimisə söyüb, təhqir edibsə, yenə də bunu sivil qaydada həll etmək lazım idi, yanğın törətməklə, vurub-uçurtmaqla yox. Seçki ilində belə bir çaxnaşma salmaq düzgün deyildi. Düşünürəm ki, bu məsələdə yerli sakinlərin haqlı qıcığına səbəb olan qanunsuzluqlardan əlavə, müxalifətin də barmağı rol oynayıb. Gülər Əhmədova ilə bağlı olayla bağlı isə təkcə bir fikir deyə bilərəm. Gülər hansısa fırıldaqçıdan bir milyon pul qoparıb, gedib özünə ev alıb. Elə indinin özündə də həmin evdə yaşayır. Bilirsiniz, Gülərin nənəsi erməni olub. Biz o qədər ürəyiaçıq xalqıq ki, bunu bilə-bilə onun millət vəkili olmasına şərait yaratmışıq. Gülər son vaxtlar o qədər cızığından çıxmışdı ki, YAP-ın üzvü ola-ola partiyanın iclaslarına gəlmir, deputatlıq etdiyi rayonun icra hakimi ilə yola getmirdi. Mən həmişə demişəm ki, nə qədər ki, Azərbaycanda yüksək vəzifələri təmizqanlı azərbaycanlılar tutmur, belə hallar baş verəcək. - Tağı müəllim, Sevinc Babayevanın oğlu anasının ölümündə Gülər Əhmədovanı günahlandırır. Sizcə, bu nə dərəcədə doğru ola bilər? - Yox, inanmıram. O qədərinə də cəsarət etməz Gülər. Düzdür, Sevincin qaçırılmasında iştirak edə bilər. Bu, mümkündür. Amma onun kimisə öldürməsinə inanmıram.