Bu gün Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PRESS-ə bildirib ki, Azərbaycan xalqının tarixi yaddaşına həkk edilmiş qanlı 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədi ilə keçiriləcək mərasimlə əlaqədar Parlament prospekti istiqamətində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Bununla əlaqədar yanvarın 20-də səhər saat 8.00-dan şəhidlərin xatirəsini yad edən hərəkat iştirakçılarının rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə Mehdi Hüseyn küçəsi, Teleteatr 1 ünvanından - yəni Teleteatr binası yanından, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mətbuat prospekti Mikayıl Müşfiq dairəsindən, eyni zamanda, Milli Məclisin inzibati binasının arxasından Parlament prospekti-Şəhidlər xiyabanı istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.