Avtomobillərin 2012-ci il üçün dövlət texniki baxışı başlayıb
Azərbaycanın Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sürücülərinin və sahiblərinə müraciət edib. AZXEBER.COM-un DYP-nin internet saytına istinadən verdiyi məlumata görə, müraciətdə sürücülərin nəzərinə çatdırılırr ki, 01.01.2012-ci il tarixdən respublika ərazisində daimi və müvəqqəti qeydiyyatda olan hüquqi və fiziki şəxslərə məxsus avtomotonəqliyyat vasitələrinə illik dövlət texniki baxışı başlayıb: “Baxışın müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş müayinə məntəqələrində keçirilməsi məqsədilə Baş DYP İdarəsinin respublika ərazisində regional şöbələri yaradılıb və bu regional şöbələr üzrə rayonlar müəyyənləşdirilmişdir. Belə ki, Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələri Baş Dövlət Yol Polisi İdarəsinin Zabrat-Maştağa şossesində yerləşən müayinə mərkəzində, Sumqayıt şəhəri, Xızı, Siyəzən, Qobustan və Abşeron rayonlarında qeydiyyatda olanlar Sumqayıt regional imtahan-qeydiyyat və texniki baxış şöbəsində, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında qeydiyyatda olanlar Xaçmaz regional, Ağsu, Kürdəmir, Şamaxı və İsmayıllı rayonlarında qeydiyyatda olanlar Ağsu regional, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Saatlı və Sabirabad rayonlarında qeydiyyatda olanlar Şirvan regional, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında qeydiyyatda olanlar Lənkəran regional, Ağcabədi, Ağdam, Xocalı, Xocavənd, Şuşa, Beyləqan və Zərdab rayonlarında qeydiyyatda olanlar Ağcabədi regional, Yevlax, Ağdaş, Göyçay, Ucar, Mingəçevir şəhəri, Tər-tər, Bərdə və Kəlbəcər rayonlarında qeydiyyatda olanlar Yevlax regional, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonlarında qeydiyyatda olanlar Şəki regional, Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy və Naftalan rayonlarında qeydiyyatda olanlar Gəncə regional, Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Şəmkir rayonlarında qeydiyyatda olanlar Tovuz regional, İmişli, Cəbrayıl, Füzuli, Qubadlı, Laçın və Zəngilan rayonlarında qeydiyyatda olan avtomotonəqliyyat vasitələri isə İmişli regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində illik texniki baxışdan keçməlidirlər”. Baxışın keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yuxarıda qeyd olunan mərkəz və şöbələrə nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir: - nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi; - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini; Vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və onların əlavə vaxt itkisinin qarşısının alınması məqsədilə texniki baxış zamanı müəyyən edilmiş rüsum və vergilərin ödənilməsi, habelə nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin alınması üçün paytaxtın müayinə mərkəzində və regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində lazımı şərait yaradılmışdır. Bu səbəbdən şəxsiyyət vəsiqəsinin vətəndaşların üzərində olması vacibdir. Respublika üzrə bütün baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Texniki baxışa təqdim olunan nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır.