Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi
Bütün Xəbərlər
23:16 26.12.2011
2005
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.AZXEBER.COM-un AzərTAC-a istinadən verdiyi məlumata görə, təbrikdə qeyd olunur ki, Heydər Əliyevin 20 il əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən bu əziz bayram dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır.Dövlət başçısı müraciətində vurğulayıb ki, həmvətənlərimizin milli birliyinə xüsusi əhəmiyyət verən Azərbaycan hökuməti diaspor quruculuğu işini daim diqqət mərkəzində saxlayır: “Bu ilin yayında Bakıda Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi yolunda yeni mərhələnin başlanğıcını qoydu. Qurultayda diaspor qurumlarının fəaliyyəti qiymətləndirildi, soydaşlarımızın mütəşəkkilliyinin və təşkilati çevikliyinin artırılmasına təkan verən mühüm qərarlar qəbul olundu. Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının günü-gündən güclənməsi olduqca fərəhləndirici haldır. İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında getdikcə öz mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə sanballı töhfələr verirlər. Bu ilin yazında keçirilmiş nüfuzlu beynəlxalq mədəniyyət yarışmasında - “Eurovision - 2011” mahnı müsabiqəsində təmsilçilərimizin qazandığı qələbədə Avropa ölkələrində yaşayan soydaşlarımızın da payı olub. Ümidvaram ki, diaspor təşkilatlarımız bundan sonra da əldə edilən nailiyyətlərlə kifayətlənməyəcək, Diasporla İş üzrə Dövlət Komitəsi və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizlə əməkdaşlığı gücləndirəcək, yeni çağırışlara daha mütəşəkkil və təsirli cavab verəcəklər”.Biz bu il dövlət müstəqilliyimizin 20 illiyini geniş qeyd etdiyimizi bildirən Prezident İlham Əliyev Azərbaycanın 20 il ərzində nail olduğu uğurlar vətəndaşlarımızın əməksevərliyini, yüksək intellektual qabiliyyətini və qurub-yaratmaq əzmini bütün dünyaya əyani şəkildə nümayiş etdirdiyini bildirib: “Müstəqilliyin ilk illərində ölkəni bürümüş böhranlı vəziyyət, xalqımızın düçar olduğu çətinlik və məhrumiyyətlər indi arxada qalmış, yoxsulluq və işsizliyin səviyyəsi minimuma enib. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıdıb. Bu il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə qələbə qazanmış Azərbaycanı 155 dövlətin dəstəkləməsi dünya birliyinin ölkəmizə olan hörmət və inamının parlaq təzahürüdür. Müasir dövrdə dünyada gedən proseslərin axarı sürətlə dəyişir. Qlobal, regional və lokal səviyyələrdə meydana çıxan problemlər, təhlükəli meyllər ağır iqtisadi böhranlara və sosial təlatümlərə yol açır, beynəlxalq əlaqələrə güclü təsir göstərir. Belə şəraitdə qazandığımız nailiyyətlərin möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması haqqında Prezident Sərəncamı məhz həmin sahədə perspektiv vəzifələrin və onların həlli yollarının aydın müəyyən olunmasına yönəlib”.