Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu göndərib. AZXEBER/COM-un Prezidentin saytına istinadən verdiyi məlumata görə, məktubda deyilir: “Sizi anadan olmağınızın 50 illiyi münasibətilə təbrik edirəm. Keçən ilin avqust ayında 50 illiyimlə bağlı göndərdiyiniz təbrik məktubundan məmnun oldum. Bu, həqiqətən də mühüm yubileydir və ümidvaram ki, Siz də mənim kimi bu doğum gününüzü ailənizlə, yaxın dostlarınızla birlikdə qeyd edəcəksiniz. Ölkələrimiz arasında ümumi maraqlara və qarşılıqlı hörmətə əsaslanan güclü əlaqələr qurulub və mən həyati əhəmiyyətli tərəfdaşlığımızın möhkəmləndirilməsinə tam sadiqəm. Biz ölkələrimizin səyləri ilə Avropanın enerji təchizatının şaxələndirilməsi, demokratik və iqtisadi islahatların aparılması, regional təhlükəsizliyin gücləndirilməsi, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tam həllinə nail olunması kimi bir çox məsələlərdə bundan sonra da sıx əməkdaşlığımızı davam etdirəcəyik.