Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 506 780 nəfər təşkil edir. AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə sentyabrın 20-nə olan vəziyyət üzrə "Facebakers" hesabatında deyilir.
Son 4 ay ərzində sosial şəbəkə istifadəçilərinin sayı 105180 nəfər artıb.
"Facebook"un Azərbaycan seqmenti istifadəçilərin reytinqində may ayı ilə müqayisədə 3 bənd aşağı, 93-cü yerdədir.
Azərbaycan əhalisinin 6,10 faizi "Facebook" şəbəkəsindən istifadə edir ki, bu da mayın əvvəli ilə müqayisədə 1,26 faiz çoxdur.
Azərbaycan internet istifadəçilərinin ümumi sayı arasında bu sosial şəbəkənin istifadəçilərinin faizi 2,85 faiz artaraq 13,74 faiz təşkil edib.
İstifadəçilərin ümumi sayının 64 faizini kişilər, 36 faizini qadınlar təşkil edir.
Daxil olanların sayı üzrə birinci yer 18 yaşdan 24 yaşadək (47 faiz), ikinci yer 25-34 (24 faiz) yaş kateqoriyasından olanlara, üçüncü yer isə 16-dan 17-dək (12 faiz) yaş kateqoriyasından olan auditoriyaya məxsusdur.
35-44 yaş kateqoriyasının payına altı faiz düşür, 45-54 yaş kateqoriyasının payına iki faiz və yalnız bir faiz 55-64, 65 və daha yuxarı yaş kateqoriyasından olan istifadəçilərin payına düşür.
Azərbaycan "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayına görə MDB-də Qazaxıstan (309 920), Belarus (319 640), Moldova (204 320), Ermənistan (208 880), Özbəkistan (86 280), Qırğızıstan (51 620), Tacikistan (22 620) və Türkmənistan (12 360) kimi ölkələri qabaqlayır.
"Facebakers"in versiyasına görə, ölkələrin ilk beşliyinə ABŞ, İndoneziya, Hindistan, Türkiyə və Böyük Britaniya daxildir.
"Facebook" istifadəçilərinin ümumi sayı 759,1 milyon nəfərdən çoxdur.
"Facebook" şəbəkəsi 2004-cü il fevralın 4-dən fəaliyyətə başlayıb. Bu gün servisdən dünyanın 60 dilində, eləcə də Azərbaycan dilində istifadə olunur.