Millət vəkili, politoloq Rasim Musabəyov açıqlamasında bildirdi ki, Azərbaycan müxalifətini radikal və ya konstruktiv düşərgəyə bölmür.
"Təbii ki, siyasət qaydalarına görə, özünü müxalifət sayan istənilən qüvvə hakimiyyətə can atır və hər bir müxalif təşkilat da iqtidar olmaq istəyir. Amma o başqa məsələdir ki, Azərbaycanda indi nə belə bir qüvvə var, nə də ölkə müxalifəti belə siyasi potensiala malik deyil. Hər halda müxalifət partiyalarının Bakıda sanksiyalaşdırılmamış mitinqə çıxardıqları insanların sayı göstərir ki, bizdəki müxalifət çox zəifdir. Faktiki olaraq bu aksiya müxalifət qüvvələrinin mövcudlluqlarını nümayiş etdirmək cəhdi idi", - R. Musabəyov dedi. Onun sözlərinə görə, son aksiyada müxalifətin gücünü görə bilmədi. Politoloqun fikrincə, müxalifət düşərgəsi bundan sonra da icazəsiz aksiyalar keçirmək üçün cəhdlər göstərəcək: "Lakin belə aksiyaların genişlənməsi üçün heç bir əsas görmürəm. Təbii, müxalifət qüvvələri müxtəlif ölkələrdəki aksiyalara, nümayişlərə baxır və burada da nəsə etməyə çalışır, belə aksiyalarla təsəlli tapırlar. Amma onlar anlamırlar ki, bəhs etdiyim ölkələrdəki aksiyalarla Azərbaycandakı vəziyyətin heç bir əlaqəsi yoxdur. Onlar nəyisə trasnfer etmək, analogiyalar axtarmaq istəyirlərsə, Qırğızıstan uzaqda deyil. Əgər onlar Qırğızıstandakı hadisələri transfer edə bilmirlərsə, Misirdəki prosesləri necə təkrarlayacaqlar?!"
/// milli.az