Bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasını (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi. O, deyir ki, həmin tədbir "ümumxalq aksiyası" kimi təqdim edilsə də, əslində Müsavat Partiyasının həyata keçirməyə çalışdığı tədbirdir.
"Bu mitinqdə iştirak etmək niyyətimiz yoxdur. Müsavatla tərəfdaş partiya olsaq da, aksiyada biz olmayacağıq. Mövqeyimizi İctimai Palatada da bildirmişik. Bununla belə, partiya üzvləri fərdi qaydada aksiyaya gedə bilərlər: onlara qadağa qoymamışıq. Ümumiyyətlə isə kütləvi etiraz aksiyalarının keçirilməsi siyasi mübarizənin son vasitəsi, son metodudur. Mən hesab edirəm ki, indiyədək digər vasitələrə əl atılmayıb. Xüsusilə də müxalifətin aparıcı qüvvələri iqtidarla dialoqa can atmayıb", - Ə.Orucov söylədi.
Onun sözlərinə görə, ərəb ölkələrində yaşanan hadisələri heç bir halda Azərbaycana inikas etdirmək olmaz: "Azərbaycan müharibə vəziyyətində olan ölkədir və buna görə də vəziyyətin hər hansı formada gərginləşdirilməsini şəxsən mən arzu etməzdim. Problemləri müxalifətlə iqtidar birgə araşdırıb, həll etməlidir".