İşçinin əmək münasibətlərinə xitam verildikdən sonra ona nəzərdə tutulan bonus ödənişinin verilib-verilməməsi məsələsi son günlər müzakirə olunan mövzulardan birinə çevrilib.
Belə hallarda əsas suallardan biri bonusun hansı şərtlərlə işçiyə ödənilməli olması və bu ödənişin əmək müqaviləsində əks etdirilib-etdirilməməsidir.
Xüsusilə işçi çalışdığı müddətdə bonusun əldə edilməsi üçün müəyyən edilmiş şərtləri yerinə yetirdiyini, lakin əmək münasibətlərinə xitam verildikdən sonra həmin məbləği ala bilmədiyini bildirirsə, məsələnin hüquqi tərəfi aktuallaşır.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bonus işəgötürən tərəfindən hər bir halda işçiyə ödənilməsi məcburi olan məbləğ hesab edilmir:
"Birincisi, biz ondan başlayaq ki, bonus heç bir halda işəgötürən tərəfindən işçiyə mütləq ödənilməli olan məbləğ deyil. Çünki bonus adından da göründüyü kimi, vəzifə maaşına əlavə ödənişdir. Əslində, Əmək Məcəlləsində bonus anlayışı yoxdur, mükafat anlayışı var. Yəni işçinin hansısa yaxşı fəaliyyətinə, göstəricisinə görə mükafat verilməsi nəzərdə tutulur. Bu, mütləq şəkildə ya əmək müqaviləsində nəzərdə tutulmalıdır, ya da yazılı şəkildə tərəflər arasında bağlanan digər sənədlərdə bonusun hansı hallarda veriləcəyi göstərilməlidir. Məsələn, mağazalarda adətən belə hallar olur: işçi müəyyən məbləğdə satış həyata keçiribsə, ona həmin göstəriciyə görə bonus verilməlidir. Təbii ki, bu şərt hansısa formada təsdiq edilməli, yazılı şəkildə rəsmiləşdirilməlidir”.

Hüquqşünas vurğulayıb ki, bonus ödənişi ilə bağlı yazılı razılaşmanın olmaması işçinin həmin məbləği tələb etməsini çətinləşdirə bilər:
"Əgər bu barədə heç bir yazılı razılaşma yoxdursa, tərəflər arasında belə bir öhdəlik müəyyən edilməyibsə və işəgötürən bonus ödəməyi üzərinə götürməyibsə, işçi həmin məbləği tələb edə bilməyəcək. Əksər hallarda, təəssüf ki, bu məsələlər heç bir yerdə qeyd olunmur və işçi də işdən ayrıldıqdan sonra həmin bonusu məhkəmə yolu ilə tələb edə bilmir”.
Fəridə Əsədzadə












































