“Anım Günü yasla qürurun bir araya gəldiyi gündür” – Deputat

“Anım Günü yasla qürurun bir araya gəldiyi gündür” – Deputat
SOSİAL
15:27 27.09.2026
164
Bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günü qeyd olunur. Bu tarix 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinin başlanğıcı kimi Azərbaycan tarixində mühüm yer tutur. Sentyabrın 27-si Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə Anım Günü elan edilib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu cəbhəboyu genişmiqyaslı hərbi təxribatlara cavab olaraq əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən müharibə noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla başa çatıb.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan deputat Naqif Həmzəyev bildirib ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşında yalnız müharibənin başlanğıc günü kimi deyil, həm də uzun illər davam edən münaqişənin hərbi-siyasi mərhələsinin dəyişdiyi tarix kimi qalıb:

"27 Sentyabr 2020-ci il Azərbaycan xalqının yaddaşına təkcə bir müharibənin başlanğıc günü kimi deyil, ədalətin bərpası, otuz ilə yaxın davam edən işğalın sona çatması və nəhayət, əsl sülhün təməlinin qoyulduğu gün kimi həkk olunub. Bu gün ölkəmizdə Anım Günü kimi qeyd edilir, lakin əslində bu, yasla qürurun, itki ilə qələbənin bir araya gəldiyi bir gündür. 1990-cı illərin əvvəlində Azərbaycan öz tarixi torpaqlarının bir hissəsini hərbi işğal nəticəsində itirdi. Bir milyondan artıq həmvətənimiz doğma yurdundan didərgin düşdü, uşaqlıq xatirələri qalan evlərinə, ata-baba qəbiristanlıqlarına, məktəblərinə otuz il gedə bilmədi. Beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin açıq şəkildə tanıdığı bu ədalətsizlik onilliklər boyu diplomatik yollarla həll oluna bilmədi”.
 


N. Həmzəyev bildirib ki, 27 Sentyabr 2020-ci il tarixində başlayan hərbi əməliyyatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni mərhələ yaradıb:

"Məhz belə bir tarixi haqsızlıq şəraitində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək hüququndan istifadə etdi. 27 Sentyabr otuz il gözlənilən ədalətin gerçəkləşməsinin başlanğıcı idi. Bu yolda Azərbaycan çox baha qiymət ödədi. Minlərlə gənc oğul Vətən uğrunda canından keçdi, ailələr övladsız, analar övladsız qaldı. Amma onların qanı boşa getmədi. Məhz onların şücaəti sayəsində bu gün Qarabağda və Şərqi Zəngəzurda yenidən Azərbaycan bayrağı dalğalanır, köçkün düşmüş insanlar doğma torpaqlarına qayıdır, viran qalmış şəhərlər, kəndlər yenidən həyata qayıdır”.

N. Həmzəyevin sözlərinə görə, 27 Sentyabr yalnız hərbi əməliyyatların başlanğıcı deyil, həm də sonrakı proseslərin əsasını qoyan tarixdir:

"Bu mənada 27 Sentyabr sadəcə hərbi əməliyyatların başlanğıcı deyil. Bu, bugünkü sülhün, regionda formalaşmaqda olan yeni əməkdaşlıq mühitinin təməl daşıdır. Şəhidlərimizin şücaəti olmasaydı, nə Zəngəzur dəhlizindən, nə də Cənubi Qafqazda uzunmüddətli sülh perspektivindən söhbət gedə bilməzdi. Onların fədakarlığı bu günün sülh şəraitinin təməlində dayanır və bu, unudulmamalıdır. Anım Günü bizə xatırladır ki, sülh özbaşına gəlmir, o, iradə, qətiyyət və bəzən ağır itkilər bahasına qazanılır. Bu gün Azərbaycan cəmiyyəti şəhid ailələrinin yanında olmaqla, onların xatirəsini əziz tutmaqla milli həmrəyliyini nümayiş etdirir. Bu, həm də gələcək nəsillərə mesajdır. Vətənin bütövlüyü və suverenliyi hər zaman qorunmalı, unudulmamalı dəyərlərdir”.

N. Həmzəyev bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri də həmin mübarizənin nəticələrindən biridir:

"Bu gün Qarabağda dinc həyat qurulur, məktəblər açılır, yollar çəkilir, köçkünlər qayıdır. Bütün bunların kökündə 27 Sentyabrda başlanan mübarizə və onda göstərilən qəhrəmanlıq dayanır. Ona görə də bu tarixi anmaq, keçmişə yas tutmaqdan daha çox, bugünkü sülhün qiymətini anlamaq və gələcəyə məsuliyyətlə yanaşmaq deməkdir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR