Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili "Threod Systems" müdafiə şirkətinin binasının yandırılması cəhdi ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Estoniya XİN "X" sosial şəbəkəsində məlumat yayıb.
"Şənbə gününə keçən gecə "Threod Systems" müdafiə şirkətinin binasının yandırılması cəhdi ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili bu gün Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb", - məlumatda bildirilib.
Qurumun iddiasına görə, Estoniya Daxili Təhlükəsizlik Xidmətinin məlumatları Rusiya kəşfiyyatının bu insidentdə əli olduğunu göstərir.
Estoniya XİN başçısı Marqus Tsahkna bildirib ki, Tallin bu cür fəaliyyətlərin aşkarlanması və qarşısının alınması sahəsində çoxillik təcrübəyə malikdir. "Threod Systems"in yandırılmasına cəhddə şübhəli bilinən şəxslər saxlanılıb, təhlükə aradan qaldırılıb.
O, həmçinin bildirib ki, Estoniya dekabrın 1-dən Rusiya ilə quru sərhədindəki bütün avtomobil keçid məntəqələrini nəqliyyat vasitələri və piyadalar üçün bağlamağa hazırlaşır.
Bundan başqa, o qeyd edib ki, Aİ noyabrın 16-da daha 150 fiziki və hüquqi şəxsi sanksiya siyahılarına daxil edib. Tallin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, viza məhdudiyyətlərinin sərtləşdirilməsi və Ukraynaya dəstəyin artırılması istiqamətində işi davam etdirmək niyyətindədir.











































