Aİ Rusiyanın bank və enerji sektoruna qarşı sanksiyaları genişləndirdi

Aİ Rusiyanın bank və enerji sektoruna qarşı sanksiyaları genişləndirdi
DÜNYA
16:20 16.11.2026
42
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynada mülki infrastruktura hücumları ilə əlaqədar əlavə məhdudlaşdırıcı tədbirlər qəbul edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Aİ Şurasının açıqlamasına görə, sanksiya siyahısına 50-yə yaxın bank və maliyyə qurumu əlavə olunub. Rusiya bank sektoruna qarşı məhdudiyyətlərin genişləndirilməsində məqsəd dövlət gəlirlərinin ötürülməsini və müharibənin maliyyələşdirilməsini təmin edən maliyyə kanallarını kəsməkdir.

Bundan başqa, Rusiyanın elektron ticarət sektoru da sanksiyaların hədəfinə çevrilib. Ölkənin neft və enerji sektorunda fəaliyyət göstərən əlavə şirkətlər və iş adamları da məhdudiyyətlər siyahısına daxil edilib.

Açıqlamada bildirilib ki, siyahıya əlavə olunan şirkətlər arasında neft emalı zavodlarını və Sankt-Peterburq Neft Terminalını idarə edən, neft kəşfiyyatı və hasilatı ilə məşğul olan qurumlar var.

Rusiyanın "kölgə donanması”na qarşı da tədbirlər görülüb. Birləşmiş Ərəb Əmirlikləri, Çin, Seyşel adaları və Omanda yerləşən, Rusiya mənşəli xam neft və neft məhsulları alan bir sıra şirkətlər də sanksiyalara məruz qalıb.

Bununla yanaşı, Rusiya neftini qanunsuz yollarla daşıyan, yüksək riskli dəniz nəqliyyatı fəaliyyəti göstərən və sanksiyalı gəmilərin sahibi və ya idarəçisi olan bəzi iş adamları da siyahıya daxil edilib.

Qərara əsasən, sanksiyaya məruz qalan şəxslərin və qurumların aktivləri dondurulur, onlara birbaşa və ya dolayı yolla maliyyə və iqtisadi resursların verilməsi qadağan edilir. Həmçinin, siyahıdakı şəxslərin Aİ-yə səfərlərinə məhdudiyyət qoyulur.

Aİ Şurasının məlumatına görə, tətbiq edilən sanksiyalar çərçivəsində ümumilikdə təxminən 4 600 şəxs və qurum yer alır.
 
Gülay
OXŞAR XƏBƏRLƏR