Qarabağda qondarma rejimin özünü buraxması 2023-cü ilin sentyabrında baş verən bir günlük antiterror əməliyyatının nəticəsi idi. Amma həmin bir günün arxasında üç ilə yaxın davam edən mürəkkəb hərbi-siyasi proses dayanırdı.
2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan ərazilərinin böyük hissəsinə nəzarəti bərpa etdi. Lakin Qarabağın bir hissəsində separatçı idarəetmə və Ermənistan silahlı qüvvələrinin mövcudluğu davam edirdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını nəzərdə tuturdu. Lakin sonrakı dövrdə bu proses baş vermədi. Əksinə, bölgədə silahlı birləşmələrin qalması, yeni istehkamların qurulması, silah-sursatın toplanması və Azərbaycan mövqelərinə qarşı müxtəlif təxribatların davam etməsi vəziyyəti yenidən gərginləşdirdi.
Burada əsas məqam ondan ibarət idi ki, Qarabağda artıq əvvəlki status-kvonun yaşaması mümkün görünmürdü. 2020-ci ildən sonra bölgənin siyasi mənzərəsi dəyişmişdi. Azərbaycan hərbi və diplomatik baxımdan yeni reallıq yaratmışdı, separatçı qurum isə bu reallığın içində əvvəlki mövqeyini qorumağa çalışırdı. Bu iki yanaşmanın uzun müddət paralel şəkildə davam etməsi isə getdikcə daha böyük gərginlik yaradırdı.
2023-cü ilin yayına doğru vəziyyət daha da ağırlaşdı. Qarşılıqlı ittihamlar, hərbi insidentlər və bölgədəki gərginlik artıq yeni bir toqquşma ehtimalını artırırdı. Sentyabrın 19-da baş verən hadisələr isə bu prosesin dönüş nöqtəsinə çevrildi.

Bundan sonra məsələ artıq danışıqlar masasında müzakirə olunan siyasi fikir ayrılığından ibarət deyildi. Azərbaycan Qarabağdakı qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoymaq üçün antiterror əməliyyatına başladı.
Əməliyyatın ən diqqətçəkən tərəfi isə onun qısa müddətdə nəticələnməsi oldu. 19 sentyabrda başlayan hərbi əməliyyat 20 sentyabrda atəşkəslə başa çatdı. Bir sutkaya yaxın müddətdə Qarabağdakı separatçı qüvvələrin hərbi müqaviməti dayandırıldı və silahların yerə qoyulması ilə bağlı razılaşma əldə edildi.
Əslində, həmin bir gün Qarabağda illərlə davam edən prosesin son mərhələsini sürətləndirdi. Çünki qondarma rejimin mövcudluğunun əsas dayağı onun hərbi gücü idi. Həmin güc aradan qalxdıqdan sonra separatçı qurumun özünü ayrıca siyasi hakimiyyət kimi təqdim etməsinin də real dayağı qalmadı.
Bundan sonra Qarabağda tamamilə başqa mərhələ başladı. Artıq söhbət bölgədə separatçı rejimin saxlanılmasından deyil, Azərbaycan dövlətinin idarəçiliyinin qurulmasından gedirdi. İllərlə paralel fəaliyyət göstərən qurumların yerini vahid dövlət idarəçiliyinin alması gündəmə gəldi.
Və məhz bundan sonra qondarma rejimin özünü buraxması məsələsi ortaya çıxdı.
Separatçıların "prezidenti" Samvel Şahramanyanın imzaladığı "fərman” hadisələrin başlanğıcı yox, sonu idi. Rejim əvvəlcə hərbi dayaqlarını itirdi, daha sonra faktiki idarəetmə imkanlarından məhrum oldu və nəhayət, öz mövcudluğunu rəsmən dayandırdığını elan etdi.
Bir vaxtlar özünü ayrıca dövlət kimi təqdim edən qurumun son qərarı isə məhz özünü ləğv etmək oldu.
Beləliklə, Qarabağda 2020-ci ildə başlayan yeni mərhələ 2023-cü ilin sentyabrında tamamlandı. Vətən müharibəsi ərazilərin böyük hissəsinin azad olunması ilə yeni reallıq yaratdısa, antiterror əməliyyatı həmin reallığın qarşısında qalan son hərbi-siyasi maneəni aradan qaldırdı.
Şahanə Ziyad











































