Təhsil naziri Misir Mərdanov Xocalı soyqırımının 21-ci ildönümünün keçirilməsi barədə əmr imzalayıb.Təhsil Nazirliyinə istinadən xəbər verir ki, əmrdə qeyd olunur ki, 25 fevral günü ali, orta ixtisas, ümumtəhsil, ilk peşə-ixtisas, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs saatı Xocalı soyqırımına həsr edilsin.Bundan əlavə, ali və orta ixtisas təhsil müəssisələrinin internet səhifələrinə Xocalı soyqırımını əks etdirən məlumatlar daxil edilməli, ümumtəhsil, ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgiləri, bədii gecələr keçirilməli, tamaşalar hazırlanmalı, sənədli və bədii filmlərin nümayişi təşkil edilməlidir.Respublika Texniki Yaradıcılıq Mərkəzinin radiorabitə klubunun vasitəsilə dünya ölkələrinin uşaqlarına Xocalı soyqırımının mahiyyətini çatdırmaq, “Azərbaycan müəllimi” qəzetində Xocalı soyqırımına aid məqalələr, xatirələr dərc etdirmək kimi məsələlər də əmrdə qeyd edilib.