Metronun “28 May” stansiyasında yeni salınmış döşəmənin sürüşkənliyi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib
“28 May” stansiyasının içi sanki sürüşmə üzrə idman meydançasına bənzəyir. Stansiyanın döşəməsinə elə daşdan üzlük çəkilib ki, sərnişinlər yeriyərkən müvazinətlərini saxlaya bilmirlər. Bu cür sürüşkən daşlardan adətən hovuzlarda istifadə edirlər, “28 May”da müvazinətlərini güclə saxlayan sərnişinlər indi, yəni havaların quru, yağıntısız keçdiyi vaxtda stansiyanın platformasında bu qədər əziyyət çəkirlərsə, yağış və qar yağdıqda durumun necə vahiməli olacağını təsəvvür eləmək çətin deyil. Hələ stansiyada quraşdırılan yeni oturacaqları demirik. Oturacaqlar mərmərdən olduğundan çox soyuqdur. Bura əyləşənlər maksimum 5 dəqiqə dözə bilərlər. Mərmər oturacaqlarda əyləşib tez də duranların içalatının soyuqlamayacağına, qarın ağrısına düşməyəcəyinə heç kim təminat verə bilməz. Yəqin ki, “28 May” metrostansiyasının yanında daim təcili yardım maşını növbə çəkəcək, ayağı sürüşən, qol-qıçını sındıran adamların xərəklə yuxarı çıxarılması isə onsuz da hər zaman sərnişinlə dolu stansiyada əlavə müşküllər yaradacaq.(milli.az)





