3 əsgərimizin şəhid olduğu gün ‘Space’in efirində çal-çağır – VİDEO

3 əsgərimizin şəhid olduğu gün ‘Space’in efirində çal-çağır – VİDEO
Bütün Xəbərlər
02:34 27.01.2015
2662

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın kəşfiyyat-təxribat qruplarının cəbhə boyu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücumu nəticəsində 3 əsgərimiz şəhid olub. Müdafiə nazirliyinin yaydığı rəsmi məlumata görə, Ermənistan tərəfinin hücumunun qarşısı Silahlı Qüvvələrimiz tərəfindən alınıb və düşmən ordusu çoxlu sayda itki verib.

Bəs görəsən 3 əsgərimizin şəhid olması xəbərindən sonra televiziyalarımız şou tipli verilişlərin yayımını təxirə salıblarmı?

AZXEBER.COM olaraq, öncədən məlumat verək ki, bu gün rəsmi matəm günü olmadığı üçün televiziyalar günlük proqramlarında hansısa bir dəyişiklik etməyiblər.

AZTV, İTV, ANS, ATV, Xəzər televiziyalarının öncədən planlaşdırılan yayım lentində şou verilişi yayımlanmayıb. Kanalların bəzilərində seriallar, bəzilərində isə bədii filmlər yayımlanıb. Onlar arasında yalnız “Space” televiziyasında format etibari ilə şou layihəsi olan “Sevimli şou” adlı veriliş yayımlanıb.

Düzdür, veriliş başlamazdan öncə aparıcı hadisəni bir daha tamaşaçıların diqqətinə çatdıraraq başsağlığı verib. Ancaq verilişin irəliləyən dəqiqələrində müğənnilər iştirak etdiyi üçün proqramdan çal-çağır əksik olmayıb.

Bu günlə əlaqədar olaraq verilişdə çal-çağırın olması bəzi sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Onlar, verilişin bu gün yayımlanmasının əleyhinə olduqlarının və bunun şəhidlərimizin ruhuna hörmətsizlik olduğunu yazıblar.

AZXEBER.COM portalı olaraq sosial şəbəkədə etiraza səbəb olan verilişin bu günkü buraxılışdan bir parçanı təqdim edirik:

OXŞAR XƏBƏRLƏR