3 min alırdı, 12 min manat alacaq – “Yüksək maaş korrupsiyanın qarşısını almaq üçün verilir”

3 min alırdı, 12 min manat alacaq – “Yüksək maaş korrupsiyanın qarşısını almaq üçün verilir”
SOSİAL
16:04 01.10.2026
213
Xəbər verdiyimiz kimi, parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib.

Bununla da ombudsmanın aylıq vəzifə maaşı 3 060 manatdan 12 min manata qaldırılıb.

Dəyişiklik dövlət vəzifələrində aylıq vəzifə maaşlarının hansı prinsiplər əsasında müəyyənləşdirilməsi məsələsini də gündəmə gətirib.

Maraqlıdır, dövlət vəzifələrində aylıq vəzifə maaşları hansı hüquqi prinsiplər əsasında müəyyənləşdirilir? Vəzifənin statusu, səlahiyyətləri və məsuliyyəti əməkhaqqının məbləğinə necə təsir edir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Ombudsmanlıq institutu konstitusion institutdur və onun fəaliyyəti qanunvericiliklə tənzimlənir:

"Bildiyimiz kimi, Ombudsmanlıq institutu konstitusion bir institutdur və bununla bağlı Konstitusiyada konkret maddələr var. Prezident tərəfindən üç namizəd təqdim olunur və Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilən namizəd Ombudsman olaraq fəaliyyətə başlayır və 7 il müddətinə təyin olunur. Onun əməkhaqqı isə heç şübhəsiz ki, qanunla müvafiq şəkildə müəyyən edilir və bununla bağlı müvafiq qanuna dəyişiklik olunur.
 
 
Bildirmək istəyirəm ki, bu, dövlət büdcəsi haqqında qanunda da öz əksini tapmalıdır. Çünki Ombudsman Aparatı və onun əməkdaşları dövlət büdcəsindən maliyyələşən bir təsisatdır. Burada heç şübhəsiz ki, qanunverici bu işin məsuliyyətini, o cümlədən hər hansı səlahiyyət dəyişikliyini və digər təsisatlarla aşağı-yuxarı eynilik və bərabərlik prinsiplərini nəzərə alaraq belə bir əməkhaqqının müəyyən edilməsini mümkün hesab edib”.

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, Azərbaycanda yüksək vəzifəli şəxslərin əməkhaqları qanunvericiliklə müəyyənləşdirilir:

"Azərbaycanda ən yüksək səviyyədə maaşları parlament müəyyən edir. Hakimlərin, digər yüksək vəzifəli şəxslərin maaşları, daha sonra prezidentin və digər dövlət vəzifələrində çalışan şəxslərin əməkhaqları müəyyənləşdirilir. Dövlət vəzifələri deyəndə, ilk növbədə, dövlət orqanlarından, yəni dövlət qulluqçularından danışırıq. Çünki dövlət qurumları daha geniş məfhumdur. Məsələn, hüquqi şəxslər var və onlar öz maaşlarını özləri müəyyən edirlər. Dövlətin kommersiya təşkilatları var. Ən irilərindən biri SOCAR-dır. Bu, şirkətdir, kommersiya təşkilatıdır və onun rəhbərlərinin də maaşları çox yüksəkdir. Hətta dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərin maaşlarından, o cümlədən prezidentin maaşından da yüksək məbləğlərdən söhbət gedir”.

Hüquqşünas dövlətə məxsus kommersiya təşkilatlarında əməkhaqqının müəyyənləşdirilməsi ilə dövlət orqanlarında çalışan şəxslərin maaşlarının müəyyənləşdirilməsi arasında fərq olduğunu bildirib:

"Dövlətin kommersiya təşkilatlarında ümumiyyətlə yüksək maaşlar mövcuddur. Halbuki onlar da son nəticədə dövlətə məxsus qurumlardır. Çünki həmin qurumların müşahidə şuralarında nazirlər təmsil olunur və müvafiq qərarların qəbulunda iştirak edirlər. Burada hansı prinsiplərin əsas götürüldüyü isə mənə məlum deyil və indiyədək bununla bağlı ictimaiyyətə ətraflı izah verilməyib. Niyə bir qurumda belə, digərində isə başqa cürdür? Təbii ki, burada bir amil də korrupsiya məsələsidir. Elə vəzifələr var ki, həmin vəzifəyə şəxsi təyin edərkən bilirlər ki, onsuz da rüşvət alacaq və bunun qarşısını almaq indiki şəraitdə, mövcud sistem çərçivəsində çətindir. Digər tərəfdən, elə vəzifələr də var ki, orada korrupsiyanın qarşısının alınması üçün yüksək maaş müəyyən edilir”.


 
Ə. Həsənov qeyd edib ki, bəzi dövlət vəzifələrində əməkhaqqı ilə yanaşı əlavə sosial və digər paketlər də təqdim olunur:

"Təbii ki, bu da gizli deyil. Bizdə elə dövlət vəzifələri var ki, yüksək maaşla yanaşı, müxtəlif əlavə paketlər də təqdim olunur. Bu paketlərin də kifayət qədər yüksək olduğu barədə ictimaiyyətdə fikirlər var. Azərbaycanda bu məsələlər tam şəffaf deyil. Daha doğrusu, söhbət məlumatın ümumiyyətlə bilinməməsindən getmir, əsas məsələ bu məbləğlərin hansı prinsiplərlə müəyyənləşdirildiyinin ictimaiyyətə ətraflı izah olunmamasıdır. Ona görə də bunun izahını verən olmayanda, həm siz, həm də mən yalnız ehtimallar üzərindən fikir yürüdə bilərik”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR