30 şagirdli sinif, yoxsa 15? – Hansında təhsil daha keyfiyyətlidir?

30 şagirdli sinif, yoxsa 15? – Hansında təhsil daha keyfiyyətlidir?
SOSİAL
17:18 02.10.2026
84

Sinifdə şagird sayının çox olması müəllimin hər bir uşağa ayırdığı diqqəti azalda bilərmi? Yoxsa təhsilin keyfiyyətini müəyyən edən əsasamil sinifdəki şagird sayı deyil, müəllimin hazırlığı, məktəbin imkanları və tədris metodlarıdır? 

AZXEBER.COM dünya üzrə mövcud araşdırmaları nəzərdən keçirərək sinif ölçüsü ilə təhsilin keyfiyyəti arasındakı əlaqəni araşdırıb. 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, 2024-cü ildə OECD ölkələrində ibtidai təhsil səviyyəsində orta sinif ölçüsü 21 şagird olub. Aşağı orta təhsil səviyyəsində isə dövlət məktəblərində orta göstərici 23 şagird təşkil edib. Lakin ölkələr arasında ciddi fərqlər mövcuddur. 

Məsələn, OECD-nin məlumatlarında ibtidai təhsil üzrə orta sinif ölçüsü Kosta-Rikada 15, Çilidə isə 28 şagird göstərilir. Bu isə müxtəlif ölkələrdə eyni təhsil pilləsində siniflərin ölçüsünün xeyli fərqlənə bildiyini göstərir. 

Kiçik sinif həmişə daha yaxşı nəticə deməkdirmi? 

Mütəxəssislər arasında bu məsələyə yanaşma birmənalı deyil. OECD bildirir ki, kiçik siniflər müəllimə şagirdlərin fərdi ehtiyaclarına daha çox diqqət ayırmağa və sinifdə nizam-intizama sərf olunan vaxtı azaltmağa imkan verə bilər. Bununla belə, sinif ölçüsünün şagirdlərin akademik nəticələrinə birbaşa təsiri ilə bağlı ümumi sübutlar qarışıqdır. Yəni sinifdə şagird sayının azaldılması avtomatik olaraq təhsilin keyfiyyətinin yüksəlməsi demək deyil. Təhsildə nəticəyə müəllimin hazırlığı, tədris üsulları, məktəbin maddi imkanları və digər amillər də təsir edir.

Müəllimə düşən şagird sayı nə qədərdir? 

2024-cü ildə OECD-yə üzv ölkələr üzrə ibtidai təhsildə orta şagird-müəllim nisbəti 14:1 olub. Lakin ölkələr arasında fərq böyükdür. Yunanıstanda bu göstərici 7:1, Lüksemburqda 8:1, Kolumbiyada 22:1, Meksikada isə 23:1 təşkil edib.

Burada mühüm məqam ondan ibarətdir ki, şagird-müəllim nisbəti ilə sinifdəki şagird sayı eyni göstərici deyil. Bir məktəbdə bir müəllimə düşən şagird sayı az ola bilər, amma konkret sinifdə daha çox şagird yerləşə bilər. 

Çox böyük siniflərdə vəziyyət necə dəyişir? 

Sinif ölçüsünün həddindən artıq böyüməsi bəzi təhsil sistemlərində daha ciddi problemlərə səbəb ola bilər. 

Dünya Bankının Malavidə apardığı araşdırmada 90-dan çox şagird olan siniflərdə əlavə müəllimlərin işə götürülməsi və yeni sinif otaqlarının yaradılması nəticəsində şagird-müəllim nisbətinin azaldılması, təkrar sinifdə qalma göstəricilərinin və test nəticələrinin yaxşılaşması ilə əlaqələndirilib. 

Bu nümunə göstərir ki, xüsusilə həddindən artıq böyük siniflərdə şagird sayının azaldılması tədris prosesinə real təsir göstərə bilər. 

Bəs ideal sinif ölçüsü neçədir? 

Dünya üzrə bütün məktəblər üçün vahid "ideal” şagird sayı müəyyən etmək mümkün deyil. 

Sinif ölçüsü ilə şagird nəticələri arasındakı əlaqə birbaşa və universal deyil. Kiçik siniflərin müəyyən qruplar, xüsusilə sosial baxımdan daha əlverişsiz vəziyyətdə olan şagirdlər üçün faydalı ola biləcəyinə dair sübutlar mövcuddur, lakin ümumi nəticələr fərqlidir. 

UNESCO-nun Statistika İnstitutu da şagird-müəllim nisbətini təhsil resurslarının və müəllimin şagirdə ayıra biləcəyi diqqətin mühüm göstəricilərindən biri kimi qiymətləndirir. Eyni zamanda bu göstəricinin orta sinif ölçüsü ilə eyni olmadığını vurğulayır.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR