300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR

300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
SOSİAL
17:21 21.06.2026
244
17-20 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group”un birgə təşkilatçılığı, "Birbank Biznes”in rəsmi tərəfdaşlığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb.

Dörd gün davam edən sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirib. Sərgini ziyarət edən 36.328 nəfər yerli şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə yaxından tanış olmaq imkanı əldə edib.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq, yerli məhsul və xidmətlərin təşviqini gücləndirmək, həmçinin şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını artırmaq olub.

Bu ilki sərginin əsas yeniliklərindən biri olan "B2B zona” çərçivəsində iştirakçı şirkətlər iri müəssisələrin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə çoxsaylı işgüzar görüşlər keçiriblər. "B2G zona”da isə sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət quraraq mövcud dəstək mexanizmləri və əməkdaşlıq imkanları barədə ətraflı məlumat əldə ediblər.

Sərgi günlərində müxtəlif dövlət qurumlarının, ictimai birliklərin, biznes assosiasiyalarının nümayəndələri, sahibkarlar və xarici qonaqlar sərgini ziyarət edərək iştirakçı şirkətlərin stendləri ilə yaxından tanış olublar. Sərgi yerli biznes nümayəndələri arasında yeni əlaqələrin qurulmasına, tərəfdaşlıqların formalaşmasına və əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verib.

Sərginin təşkilatçıları olaraq KOBİA və Marsol Group tədbirin uğurla həyata keçirilməsinə verdikləri dəstəyə görə bütün tərəfdaşlara, iştirakçı şirkətlərə, ziyarətçilərə, media nümayəndələrinə və könüllülərə təşəkkür edirlər.

Qeyd edək ki, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu və Azərbaycan Dövlət Reklam Agentliyi sərginin tərəfdaşları sırasında yer alıb.

Baş sponsor qismində "Firavan Park”, sponsor qismində "VIDAL Private Industrial Zone”, təşkilati dəstək olaraq "MG Transport” və "2K HEDEF”, qeydiyyat sponsoru olaraq "Tonuby Group”, B2B və B2G zona sponsoru olaraq "N-Advert”, promo tərəfdaş olaraq "Moon Group”, media tərəfdaşı olaraq "BHB Strategic and Creative CO”, könüllü dəstəyi tərəfdaşları olaraq isə UNEC, Tələbə Həmkarlar İttifaqı Komitəsi sərgiyə dəstək göstəriblər.

Yeddi ildir ki, yerli biznesin inkişafına xidmət edən "Yerli Şirkətlərin Tanıtım Sərgisi” növbəti illərdə də sahibkarları, dövlət qurumlarını və biznes nümayəndələrini bir araya gətirərək yeni əməkdaşlıqlar üçün platforma yaratmağa davam edəcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR