İbrahim Tatlıses gözlərini açdı

ŞOU-BİZNES
08:50 15.03.2011
1862
Müğənninin əməliyyat olunduğu xəstəxanada olan jurnalist Fidan Quliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə xəstəxanaya gələn Şişli rayon bələdiyyə başqanı Sədri Mustafa Sarıgül jurnalistlərə açıqlamasında bildirib. M.Sarıgül İ. Tatlısəsin səhhəti ilə bağlı təfərrüatları bilmədiyini qeyd edib.

Azərbaycanlı jurnalistin məlumatına görə, Türkiyə vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 12:00) da həkimlər onun oyadılıb-oyadılmaması ilə bağlı açıqlama verməli olsalar da, heç bir açıqlama səsləndirilməyib.

Xəstəxana önündə diqqət çəkən daha bir məqam isə Tatlısəsin oğlu İdonun anası Dərya Tunanın həyəcanla xəstəxanaya girib-çıxması olub.

Türkiyə mətbuatında yazılan bəzi məlumatlara görə, bu gün səhər saatlarında müğənninin beyninin tomoqrafiyası çıxarılıb. Saat 10:00-a planaşdırılan açıqlamanı isə 10:30-a qədər təxirə salıblar. Müğənniyə yatması üçün verilən dərmanlar isə kəsilib, həkimlər onu oyandırmağa çalışırlar.

Silahlı hücum müğənni və köməkçisi dünən gecə saatlarında Türkiyənin Şişli rayonundakı “Nurol Plaza”da həyata keçirilən “Beyaz” TV-dəki İbo Şov proqramının çəkilişindən çıxanda baş verib. Tatlısəs maşınına oturarkən yolun əks tərəfində dayanan tünd rəngli maşından "Kalaşnikov" markalı silahla atəşə tutulub.

Nəticədə İbrahim Tatlısəs başından, köməkçisi isə boğazından güllə yarası alıb. Sənətçi dərhal özəl xəstəxanalardan birinə aparılıb. Orada ilkin yardımdan sonra Maslak Acıbadem Xəstəxanasına çatdırılıb. Müğənni 5 saat ərzində əməliyyat olunub. Həkimlərin sözlərinə görə, güllə müğənninin başına arxadan girərək öndən çıxıb və sağ beyin sümüyündə sınıq əmələ gəlib. İbrahim Tatlısəsin beynində qanaxma və burun nahiyəsində güllə izi olub. Bu səbəbdən müğənni həmçinin plastik əməliyyat olunub. Əməliyyatdan sonra onun 24 saat ərzində yatırdılması qərara alınıb. Baş həkim müğənninin bədəninin bir hissəsinin iflic ola biləcəyini istisna etməyib. İlkin ehtimallara görə, müğənni səsini də itirə bilər.

Polis İbrahim Tatlısəsin maşınında 4 və yaxın binalarda 4 güllə izi aşkar edib. Ümumilikdə isə olay yerindən 11 giliz tapılaraq aktlaşdırılıb.

İbrahim Tatlisəsin bir müddət öncə Şişli polisinə telefonla 3 ölüm təhdi aldığı barədə məlumat veribmiş. Müğənniyə qarşı sui-qəsdin baş verməsi ilə bağlı 3 versiya səsləndirilir.

I- siyasətə qoşulan İbrahim Tatlısəsin nüfuzu böyük olduğundan siyasi rəqibləri onu aralarında görmək istəmir,

II- PKK izidir, çünki hadisə yerindən tapılan giliz və güllələrin aid olduğu “Kalaşnikov” silahından daha çox PKK-çılar istifadə edir,

III İbonun Şimali İraqda tikinti sektoruna girməsidir. Belə ki, müğənninin ilyarım əvvəl bu ölkədə tikinti sahəsinə böyük məbləğdə vəsait qoyması bəzi tikinti sahibkarlarını narahat edir.

Hadisə şahidləri isə sənətkarın yaralandıqdan sonra dediyi son sözləri açıqlayıblar. Onların sözlərinə görə, qan içində yerdə yatan İbrahim Tatlısəs qırıq-qırıq, amma düzgün tələffüzlə belə deyib: “Olurmu yaaa? Olurmu hiç?”.

OXŞAR XƏBƏRLƏR