Bu sözləri Lent.az-a İctimai Palatanın üzvü, Müsavat başqanının müavini Tofiq Yaqublu deyib. O bildirib ki, Koordinasiya Şurasının mayın 10-da keçirilən iclasında mitinqlərin davam etdirilməsi qərar alınıb, lakin icra hakimiyyətinin məktublara cavab vermək üçün nəzərdə tutulan 1 ay müddəti tamamlanmadığı üçün həmin məktubun cavabını gözləmək lazım gəlib: “BŞİH-in məktubumuza cavabını gözləyirik ki, sonra bizi bilərəkdən qarşıdurmaya getməkdə ittiham eləməsinlər. BŞİH-in qərarı aydın olsun, ondan sonra mitinqlə bağlı konkret qərarlar veriləcək, lakin istənilən halda, kütləvi aksiyalar gündəlikdədir”.
T.Yaqublu qeyd edib ki, ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorelin son bəyanatı, həmçinin ATƏT-in Parlament Assambleyasının rəhbərinin Bakıya gəlişi hakimiyyətin mitinqlərə uyğun yer verəcəyinə olan inamı artırıb: “Hakimiyyət bizə yox desə, yenidən razılaşdırılmamış aksiyalara əl atacağıq”.