“AXCP-Müsavatdankənar müxalifətin ümumi bir birlik forması ətrafında danışıqlar gedir. Son zamanlar siyasi partiyalarla keçirilən görüşlərdə bunun mümkünlüyü araşdırılır”. Bu gözlənilməz açıqlamanı Modern.az saytına Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu son zamanlar KXCP, ALP və VİP sədrləri ilə keçirilən görüşlərin əsas prioritetlərini şərh edərklən bildirib. S.Cəlaloğlunun sözlərinə görə, ADP birlik yaratmaq üçün heç bir partiyaya müraciət etməyib.
“Qeyd edim ki, bizim görüşlərimizdə elə bir yaxınlaşma yoxdur. Təşəbbüs şəxsən mən tərəfindən edilməyib. Başqa yoldaşlar təşəbbüs ediblər və biz də buna müsbət yanaşaraq görüşlər keçirmişik”-deyə S.Cəlaloğlu qeyd edib. Siyasətçi qeyd edib ki, son zamanlar cəmiyyyətdə bir axtarış gedir və müxalifətin birliyini təmin etmək və indiki dağınıqlığı ardan götürməkdən ötrü müxtəlif təşəbbüslər var.
“Atılan hər hansı bir addım uğursuzluğa düçar olandan sonra başqa səviyyədə eyni bir ideyanı reallaşdırmaq üçün belə təşəbbüslər ortaya çıxır. İndiki halda AXCP və Müsavat müxalifətin ümumi birliyini istəmədiyinə görə, müəyyən bir birlik forması ətrafında danışıqlar gedir ki, onlarsız hansısa qurum yaratmaq mümkündür, yoxsa yox. Yəni bunun mümkünlüyü araşdırılır”-deyən S.Cəlaloğlu vurğulayıb ki, ADP budan sonra da hansısa birlik adı altında parçalanmaya gətirib çıxaracaq addım atmayacaq.
“Birlik özü parçalanma sözünün əksidir. Hansısa birlik adı altında parçalanmaya gətirib çıxaran addım atacağıqsa, əksinə birliyin əleyhinə çıxış edəcəyik”.
ADP sədri Mirmahmud Mirəlioğlunun İctimai Palata ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə nünasibət bildirib və qeyd edib ki, bu kimi tənqidlər tam normal qəbul edilməlidir.
“Cəmiyyətdə tənqidə məruz qalmayan heç bir qurum, heç bir fəaliyyət ola bilməz. Tənqid özü ağlın məhsuludur. İctimai Palatada da düz və səhv cəhətlər var. Ola bilsin ki, Mirmahmud bəy hansısa bir səhv cəhətinə görə İctimai Palatanı tənqid edir. Mən də bu qurumun fəaliyyəti ilə bağlı öz fikir və iradlarımı bildirirəm. Bu normal bir şeydir”-deyə ADP sədri bildirib.
Qeyd edək ki, son günlər KXCP,ALP, VİP, ADP və digər siyasi partiyaların rəhbərlərinin intensiv görüşləri keçirilir. //modern.az










































