İnsan həyatını cəhənnəmə çevirən bir kabus…
İnsanlar! Onlar nəcə də yazıq və axmaqdırlar. İnsanlarla oyuncaq kimi rəftar etməyi sevirəm. Düzünü desək onlar elə mənim oyuncaqlarımdır. Mənim dünyam… Qaranlıq dünyam və burda mənə tabe olan oyuncaq insanlar… İnsanlar fərqlidirlər. Hər biri bir dünyadır. Dünyalarsa fərqlidir. Necə ki, Yerlə Mars kimi. Amma mənim dünyamda onlar hamısı eyni olurlar. Onları bir-birinden fərqli edən bir xüsusiyyət belə olmur. Sanki, bir filmdə eyni bir obrazı oynayan bir neçə və yaxud bir neçə milyon aktyor kimidirlər. Baş rolda mən, onlar isə mənə tabe olan qullar.
Yəqin düşünürsüz insanlar necə mənim dünyama daxil olurlar və quluma çevrilirlər. Hər şey ilk tanışlıqdan başlayır. İnsanlarla ilk tanışlığım eyni olmur. Hər dəfə fərqli bir obrazda onların qarşısına çıxıram. Aktyorluq qabiliyyətimə qibtə edirəm. Məncə Holivudda belə mənə tay olan aktyor tapıla bilməz. Qayıdaq sətrin əvvəlinə. Hansı obrazda olmağıma baxmayaraq mən çox cazibədar oluram həmişə. Düşünürəm, bu insanların mənə olan diqqətini bir azda artırır. Tanışlığımı çox vaxt onların depresiyada olduğu vaxtlarda edirəm. Qarşılarına ya dərmana bənzəyən tablet formasında, bəzən kağız arasında, bəzən isə toz halında çıxıram. Nadir hallarda iynə içində maye halında da oluram. Bunu çox vaxt sonrakı görüşlərə saxlayıram. İlk tanışlıq uğurlu olur. Qurbanıma dost siması bağışlayıram . Əsl simamı gizlədən dost simam... Bir neçə belə görüşdən sonra mən əsl simamı yavaş-yavaş göstərməyə başlayıram. Tanışlıq bitdi. İndi qurban mənim dünyama açılan qapının bir addımlığındadır.
İndi isə növbəti mərhələ... Bu mərhələ də mən çox vaxt iynə ilə damarlara daxil oluram. İnsanlar üçün bu həzz verici olur, amma onlar anlamırlar ki, bu aldıqları həzz onları dəhşətli gələcəyə aparır. Mən öz zəhərimi damarlarda yavaş-yavaş yaymağa başlayıram. Öz idealogiyasını insanlar arasında yaymağa çalışan dəli filosof kimi. Amma mən dəli filosofdan fərqli olaraq idealogiyamın doğruluğunu sübut etməyə çalışmıram, ya da ki, idealogiyam qarşısında mənim tərəfimdə olanlar və mənə qarşı olanlar kimi qruplar yaranmır. Mən idealogiyamla irəliləyirəm. İnsanlar isə istəsə də, istəməsə də bu idealogiyaya qoşulurlar. Eləcə də, damarlarda mən irəliləyirəm qırmızı qanı öz murdarlarlığıma bürüyürəm. Bədəni özümə tabe edənə qədər bu davam edir. Dünyama giriş insanlara bəxş etdiyim cənnətlə başlayır. Onlar özlərini ən xoşbəxt insan kimi hiss edirlər. Onlar üçün zaman donur. Hər şey onların istəyindəki kimi görünür. Bu başlanğıcdır hələ. Və... Birdən BUMMM! Süni cənnət dünya bir anda dağılır. Onun simasında gizlənən əsl cəhənnəm üzə çıxır. “ Xoş gəlmisən”... Kolleksiyamda yeni bir oyuncaq beləcə artır.
Hər şey uğurlu alınır. Belə də olmali idi. Uğursuzluğa düçar olmağı sevmirəm. Növbəti mərhələ başlayır. Ən əsas və ən sevdiyim hissə. Daha doğrusu mənə qarşı olan nifrəti yaradan hissə. Oyuncaqla oynamağın vaxtıdır. İnsanların məndən aslılığından istifadə edirəm. Mənim dünyamda onlar mənə tabedir. Onlar üçün yalnız mən varam. İnsanlar mənə nifrət edir, həmdə mənsiz yaşaya bilmirlər. Həyatları tamamilə məndən aslı olur. Hər xəyalda mən, hər düşüncədə mən, hər yerdə mən.. Mənsə onlara sadəcə əzab-əziyyət verirəm. Qaranlıq otaq... Paranoyalar... Özünü öldürmək həvəsi... Ülgücün damar üstə incə rəqsi... Bax insanların mənə ehtiyacı olan vaxt belə hadisələr baş verir. Onlar mənim üçün hər şeyi etməyə hazır olurlar. Və sonluq - oyuncağın sınma anı. Bu mərhələ o qədərdə maraqlı deyil. Oyuncağımdan bezirəm. Vidalaşmadan ayrılırıq. Hər başlanğıcın bir sonu olduğu kimi bu oyunun da sonu çatır. Amma hər sonluqda bir yeni başlanğıcın əvvəlidir. Yeni başlanğıc üçün də yeni bir oyuncaq.
Mən, mən, mən... Sevirəm hakimiyyətimi göstərən bu "Mən"ləri. Özümdən çox danışdım deyəsən. İndi isə getməliyəm. Kolleksiyam üçün yeni oyuncaqlar ovlamalıyam. Özünü qoru, axı bu sən də ola bilərsən/// Ferat(Yeni imza)-Mən