İnternatdan küçəyə: Gələcəyə isə qapı bağlıdır (ARAŞDIRMA)

MARAQLI
06:36 03.06.2011
2250
Bir jurnalist-bloqçu olaraq, Azərbaycanda hüquq müdafiəsi və qayğıya ən çox ehtiyacı olan küçə uşaqları ilə bağlı vəziyyəti araşdırmağa çalışdım və bu istiqamətdə iş görən bir neçə hüquq müdafiəçisi ilə həmsöhbət oldum.

Hara gedim, kimim var?!

Hüquq müdafiəçilərinin araşdırmalarına görə, küçə uşaqlarının 96 faizinin yaş həddi 11-17 yaş arasındadır, 4% uşağın yaş həddi 5-9 yaş arasındadır. Onlardan 80 faizi oğlan, 20 faizi isə qızdır.

Biz 17 yaşa qədər olan göstəriciləri qeyd etdik, lakin bu küçə uşaqlarının gənclik illərini necə keçirməsi, necə yaşlanması sual altında olan məsələdir. Bu gün cəmiyyətdə ən çox problemli məsələ kimi, internat məktəbləri məzunlarının əksəriyyətinin öz ailələrinə qayıtmaq əvəzinə küçədə sığınacaq tapmalarını qeyd etmək olar.

İnternat məzunlarının çoxu isə valideynlərinin yanına qayıtmır. Bu adətən iki səbəbdən baş verir. Ya onları yanında görmək istəyən yoxdur, ya da onlar heç kimi bağışlaya bilmir. Ən azından, onlara internat illərini yaşadan valideynləri.

Təbii ki, küçədə qalan uşaq ya dilənçi olacaq, ya cinayətkar kimi “həbsxana kadrı”na çevriləcək, ya da cəmiyyətin “əxlaqsız” adlandırdığı kəsə dönəcək.

Küçə uşaqlarının hamısı kimsəsiz deyil!

Uşaqların internat məktəbləri və ya birbaşa olaraq küçəyə atılması halları müxtəlif ailə uğrusuzluqları ilə əlaqədardır. Ekspertlər buna birinci səbəb kimi valideynlərindən birini itirən uşaqların digər valideyninin başqası ilə evlənməsini göstərirlər.

Ögey ata və ya ögey ana ilə münasibətlər normal olmayanda çıxış yolu internatlarda görülür. İkinci bir məsələ isə, maddi durumu yaxşı olmayan coxuşaqlı ailələrin övladlarından birini və ya ikisini internata verərək yükdən bir qədər azad olmaq istəyidir.

Amma sirr deyil ki, cəmiyyətimizdə maddi durumu normal olan valideynlərin övladlarını internat məktəblərə verməsi halları da var. Məsuliyyətsizlik və laqeydlikdən doğan bu durum kiçik problem kimi görünsə də gələcəkdə həll edilməz problemlərin yaranmasının başlanğıcıdır.

Məlumat üçün qeyd edək ki, küçə uşaqlarının 60%-nin anası var. Bu uşaqların 40%-i heç vaxt təhsil almayıb, 15%-i ibtidai təhsili üçüncü sinifədək təhsil alıb, 12% uşaq səkkizinci sinifədək təhsil alıb, 30%-nin adı məktəbdə və internat məktəblərində qeydiyyatdadır, 3% uşaq isə məktəbdə təhsil alır.

İnternat məktəbləri uşaqların uğurunu kölgə altında qoyur?

İnternatdan küçəyə düşən uşaqların gələcəyi ilə bağlı problemlərin aradan qalxması üçün nə etmək lazımdır? Bu suala cavab verən “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, hazırda kimsəsiz uşaqlarıa bağlı deinstitutlaşma proqramı həyata keçirlsə də, bizim cəmiyyətimizdə bu istiqamətdə iş çox zəif gedir.

Zərifə Quliyeva qeyd edib ki, kimsəsiz uşaqlarla bağlı ilk növbədə təhsil sahəsində addımlar atılmalı və internat məktəbində oxuyan kimsəsiz uşaqlar üçün peşə kursları təşkil edilməlidir.

“Həm apardığımız müşahidələr, həm də fəaliyyət təcrübəmiz nəticəsində belə qənaətə gəlmişik ki, internat uşaqlarının cəmiyyətdə yer tutmaları naminə onlar üçün əyləncəli və ya xeyriyyə tipli tədbirlərdən çox təlimlər və kursların təşkili daha çox əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, internat məktəblərində təhsil səviyyəsi aşağı olur və bu da, bir çox istedadlı uşağın cəmiyyətdə haqqı olan uğurlardan uzaq qalmasına gətirib çıxarır”.

Təşkilat rəhbəri əlavə edib ki, rəhbərlik etdiyi təşkilat tərəfindən gerçəkləşdirilən təhsil və peşə kursları vasitəsi ilə müəyyən nəticəyə nail olunsa da, bu iş iri miqyasda aparılmalı və cəmiyyətin də kimsəsiz uşaqların gələcəyinə yanaşma tərzi dəyişməlidir.

İnternat məzunlarının qanunla torpaq almaq hüququ var

Hüquq müdafiəçisi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının təmsilçisi Günel İbrahim isə bu fikirdədir ki, internat uşaqlarının yaşayış yeri təminatı sahəsində yeni addımlara ehtiyac var. Onun sözlərinə görə, kimsəsiz uşaqların qayğı görməmələri bir vətəndaş kimi formalaşmalarına da mane olur və hərbi xidmətə maraq göstərmirlər.

“Bu istiqamətdə prezidentin sərəncamı da var, dövlət proqramları da qəbul edilib, qanunvericilikdə də bəzi məqamlar var, lakin ya internat məzunlarının məlumatsızlığı, ya da aid qurumların səhlənkarlığı üzündən küçə uşaqlarının sayı artır. İnternat məzunlarının çoxu xəbərsizdir ki, onlara qanunla torpaq sahəsi düşür. Əlbəttə ki, onların ev tikmək və özlərinə ailə şəraiti qurmaları üçün hər hansı peşəyə yiyələnmələrinə yardımçı olmaq lazımdır”.

Küçə uşaqları ilə bağlı AGAT-ın “Sənətim-Gələcəyim” layihəsinin rəhbəri olan Günel İbrahim bildirir ki, 2009-cu ildən gerçəkləşdirilən layihə çərçivəsində 25 küçə uşağı müxtəlif iaşə obyektləri və avtompobil təmiri ilə məşğul olan müəssisələrdə 6 aylıq peşə kursu keçərək, elə həmin müəssisələrdə işlə təmin edilib.

Psixoloq: “Cəmiyyətin bu uşaqlara qarşı münasibəti dəyişməlidir”

Uşaq psixoloqu Kəmalə Baxış da öz növbəsində vurğulayıb ki, uşaq evlərində və internat məktəblərinə xeyriyyə və əyləncə xarakterli tədbirlər keçirməklə uşaqlarda ələbaxanlıq təfəkkürü formalaşır və onlarda “nəyəsə özüm nail olum” düşüncəsi zəifləyir.

“Bu uşaqlarda özünəinamı artırmaq üçün, ilk növbədə onları təhsilə və peşə kurslarına istiqamətləndirərək, müsbət ambissiyalar oyatmaq lazımdır. Eyni zamanda, cəmiyyətin də bu insanlara qarşı münasibəti dəyişməlidir. Danılmaz faktdır ki, bu gün cəmiyyətdə uşaq evləri və internat məktəblərinin məzunlarına potensial cinayətkar kimi baxılır”.

Rüfət Əhmədzadə

OXŞAR XƏBƏRLƏR