“Təəssüf ki, bəzi kanallar müdaxilə edir və həqiqətəuyğun olmayan məlumatlar yayımlayır. Əsasən hamı üçün sərbəst verilişlər verən peyk çanaxlarıdır. Onlar qanunla qadağan olunmur, əhalinin 60% həmin proqramlara çanaxlar vasitəsi ilə baxa bilir”,- deyə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bildirib.
Əli Abbasovun sözlərinə görə, gələcəkdə problem Azərbaycanda televiziyanın bütövlükdə rəqəmsala keçidi yolu ilə həll ediləcək. Bundan sonra “Səhər-2” kimi kanallar ancaq özləri üçün danışacaqlar: “Bir mübarizə üsulu var, o da rəqəmsal televiziyadır. Ona keçdikdən sonra hər bir evdə MTRŞ-nin tənzimlənməsi ilə proqramlar yayımlanacaq. Azərbaycan hökuməti rəy verdikdən sonra qonşu kanalların proqramlarının yayımı öldürüləcək”.
Nazir kütləvi rəqəmsal televiziyaya keçənədək bu məsələni İranla diplomatik yolla həll etməyi məqsədəuyğun bilib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə söyləyib ki, qurum “Səhər-2” kanalının verilişləri ilə bağlı araşdırmalara başlayıb və müvafiq qaydada tədbirlər görmək niyyətindədir. //Ans Press