İsa Qəmbər Hacıbala Abutalıbova məktub yazdı

Bütün Xəbərlər
12:09 22.04.2011
1862
Məktubda İsa Qəmbər mitinqlərə məqbul yer ayrılması məsələsində razılığa gəlinməsi üçün İctimai Palatanın Koordinasiya Şurasının nümayəndələri ilə danışıqlar aparılmasını H.Abutalıbovdan istəyir. 

Məktubda yazılır: “Diqqətinizə çatdırırıq ki, 7 aprel 2011-ci il tarixdə Sizə müraciət edərək Bakı şəhərində mitinq və nümayişlərin keçirilməsi üçün müvafiq yerlərin ayrılması məsələsini müzakirə məqsədilə İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Aqil Səmədbəyli və Mehriban Vəzirlə səlahiyyət verdiyiniz şəxslərin görüşməsini təklif etmişdik. Belə ki, mitinq barədə müraciət etməzdən əvvəl hər hansı anlaşılmazlığın olmaması üçün razılıq verilməsi güman olunan ünvanın dəqiqləşdirilməsini məqsədəuyğun saymışdıq. Təəssüf ki, bu müraciətimizə cavab verilmədi və hesab edirik ki, aksiya keçirilərkən arzu olunmayan gərginlik yaşandı, yüzlərlə insan saxlandı, Azərbaycanda sərbəst toplaşmaq azadlığı məsələsi dünya mediası və beynəlxalq təşkilatların gündəminə gəldi, bəyanatlar verildi.

Bir daha Sizə müraciət edərək təklifimizi təkrarlayırıq və xahiş edirik ki, yuxarıda göstərilən məqsədlə ayrılmış nümayəndələrimiz Mehriban Vəzir və Aqil Səmədbəylini qəbul edəsiniz qarşılıqlı məqbul razılığın əldə olunması məsələsini həll edəsiniz”.

İsa Qəmbər məktubda bildirir ki, İctimai Palata 29 aprel sessiyasında mitinq keçirilməsi məsələsini müzakirə edəcək və müvafiq xəbərdarlıq müraciətini Bakı Şəhər İcra Hakimiyyətinə göndərəcək: “Odur ki, məqsədəuyğun saysanız həmin müddətə qədər bu məsələnin həll edilməsi üçün sərəncam verməyinizi xahiş edirik”.

OXŞAR XƏBƏRLƏR