Verilişdə belə bir məsələ qoyuldu.Gənclərin bu günkü tələbləri nədir? Onların qayğıları nədir? Və yaxın iki ayda qəbul olunacaq dövlət proqramında gənclərin hansı problemləri həll olunacaq? Burada ekspertlərlə yanaşı, Azərbaycanın müxtəlif universitetlərinin tələbələri də iştirak edirdilər. Müzakirə zamanı tələbələr arzu-istəklərini, dövlət proqramında görmək istədikləri təklifləri açıq şəkildə tamaşaçıların nəzərinə çatdırdılar.Gənclərdən bəziləri tələbələrin pedaqoji fəaliyyətə olmamasını (bu problem əmək haqqı ilə bağlıdır), bəziləri isə tələbə həyatının keçmişə nəzərən aktiv olmamasını qeyd etdilər.Gənclər nəyə görə universitet daxili tələbə elmi cəmiyyətlərdə, konfranslarda, seminarlarda fəal iştirak etmirlər?
Bu sualların hər birinə veriliş zamanı cavab tapmağa çalışdılar. Proqramda daha bir vacib məsələ diqqəti çəkdi. Gənclərin problemi ilə bağlı insanlar fikirlərini e-mail vasitəsilə aparıcının diqqətinə çatdırdılar.Tamaşaçının biri verilişin aparıcısı Cəsarət müəllimə müraciət edərək bildirdi: “Mən məhkum olmuşam. Və indi cəzamı çəkib bitirsəm də cəmiyyətə uyğunlaşa bilmirəm. Mən səhv etmişəm.Lakin mən normal insanam, yaşamaq istəyirəm..” Gəncin bu fikri tamaşaçını çox düşündürdü. Əslində bu, cəmiyyətə bir mesajdı. Çünki bu gün belə insanların sayı az deyil. Nəyə görə bu cür problemləri olan gənclərimizi normal həyata qaytara bilmirik? Cəmiyyətdən təcrid olunmuşlara təkan verməli, onları yenidən yaşadığımız cəmiyyətə uyğunlaşdırmalıyıq. Bunun üçün ilk növbədə cəmiyyətimizin belə insanlara münasibəti dəyişməlidir. Proqramın aparıcısı Cəsarət Valehli verilişin gedişində bildirdi ki, 5 ildən çoxdur ki, İctimai Televiziya proqramlarında tez-tez gənclərlə bağlı problemlərə toxunur və onun həlli yollarını ictimaiyyətin nəzərinə çatdırır.
“Açıq dərs” İctimai Televiziyada yayımlanan maarifçi proqramlardan biridir. Burada həmişə cəmiyyətimiz üçün maraqlı, aktual mövzular müzakirəyə çıxarılır.Həmin mövzuyla bağlı elm adamları, ziyalılar ekspert qismində proqramın qonağı olur. Eyni zamanda auditoriyaya dəvət olunan insanlara fikirlərini açıq-aydın deməyə şərait yaradılır. Məhz bu xüsusiyyətinə görə, “Açıq dərs” tamaşaçının gözlədiyi verilişdir. Son proqramla bağlı bir mühüm məsələni də qeyd etmək istəyirəm. Prezidentlə keçirilən görüşdə iştirak edən gənc xanımlardan biri özündə cəsarət toplayaraq ölkə başçısına belə bir sual verib.”Cənab prezident, bizimlə görüşə nə qədər vaxt ayırmısınız?” İ.Əliyev “vaxt məhdudiyyəti yoxdur” deyə cavab verib.Burdan belə nəticəyə gəlirik ki, ölkə başçısı belə gəncləri mütəmadi olaraq dinləməyə hazırdır, onların hər bir probleminin həlli üçün çalışır. Bu da o deməkdir ki, təşkilatlar və məmurlar tez-tez elmi konfranslar, seminarlar, treninqlər keçirməli və tələbələrin mədəni, sosial-ictimai həyatı ilə maraqlanmalıdırlar, mətbuat, KİV isə bütün bunları ictimaiyyətin nəzərinə çatdırır. Bizcə, telekanallarımızda “Açıq dərs” kimi maarifləndirici verilişlərin sayı çox olmalı və ictimai maraq doğuran mübahisəli məsələlər daim müzakirə obyektinə çevrilməlidir.
Ayşə İSAZADƏ, BDU Jurnalistika fakültəsi I kurs tələbəsi, 525-ci qəzet