İran prezidenti Mahmud Əhmədinejadın İrəvana bu günə nəzərdə tutulan səfəri təxirə salınıb. Bu barədə məlumat Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən yayılıb.
Səfərin təxirə düşməsinin səbəbləri açıqlanmır.
Xatırladaq ki, bir neçə gün əvvəl İran-Ermənistan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilmiş, tərəflər arasında bir neçə müqavilə imzalanmışdı. Bu, İran prezidentinin səfərinə hazırlıq sayılırdı.
***
İran İslam Respublikası prezidentinin informasiya kommunikasiyaları administrasiyası rəhbərinin müavini Məhəmməd Həsən Salehi Məram isə bildirib ki, səfər Ermənistan tərəfinin prezidentlərin görüşü zamanı mübadilə üçün nəzərdə tutulan sənədləri vaxtında hazır etməməsi səbəbindən təxirə salınıb. Onun sözlərinə görə, Əhmədinejadın səfəri bütün lazımi sənədlər hazır olduqdan sonra baş tutacaq. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
//ANS Press