Onun “erməni ordusu uşağa əl qaldırmır” söyləməsi tamamilə biabırçı bir bəyanatdır. Bilirsiniz ki, Xocalı soyqırımı zamanı nəinki yüzlərlə günahsız uşaq, hətta yeriməyə çətinlik çəkən ağsaqqal, ağbirçək qocalar və yaşlı insanlar qətlə yetirilmişdi”. Trend-in məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O deyib ki, Serj Sarkisyanın erməni ordusunun bu biabırçı cinayətini, bu qeyri-insani addımlarını təkzib etmək cəhdi bu gün yalnız onun özündən başqa heç kəsi inandıra bilməz.
PA rəsmisi bildirib ki, beynəlxallq təşkilatlar prinsipcə bu hadisəyə susmadılar: “Bilirsiniz ki, ATƏT-in Minsk qrupunun həmsədrləri buna münasibət bildirdilər və bununla bağlı xüsusi araşdırıcı fəaliyyətin başlamasını da öz işçilərinə həvalə etdilər. Düşünürük ki, istər-istəməz bu faktın özünün beynəlxalq təşkilatlara çatdırılması və onların bu faktdan hali olmasının özü artıq erməni ordusuna müəyyən qiymətin verilməsi deməkdir. Əlbəttə, faktaraşdırıcı missiya, ATƏT-in həmsədrlər institutu və digər beynəlxalq təşkilatlar erməni ordusunun hansısa zabitini bu fəaliyyətinə görə dərhal cəzalandıra bilməz, amma istər-istəməz bu, erməni ordusunun, işğalçı ordunun əsgərinin nə qədər qeyri-insani bir simaya malik olduğunun göstəricisidir. Bunu da biz beynəlxalq təşkilatlara çatdırırıq”.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin martın 8-də saat 17-18 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.