İstanbulun ən böyük ticarət mərkəzlərinin yerləşdiyi Şişli Meydanında daha bir ticarət mərkəzi inşa olunur. Hazırda yeni ticarət mərkəzində son tamamlama işləri həyata keçirilir. Məlum olub ki, yeni mərkəz Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə tikilir. Bu mərkəzdən əldə olunan gəlir isə 2000 yetim və kasıb erməni uşağının oxudulmasına sərf olunacaq.
Türkiyədəki erməni cəmiyyətlərindən olan Qaragözyan Yetimxanası Vəqfinin sədri Dikran Gülməzgil bildirib ki, baş nazir mərkəzin tikintisinin tezliklə başa çatdırılmasını istəyib: “Baş nazirin dəstəyi çox önəmlidir. Bu, Türkiyə tarixində bir etnik azlıq vəqfinin baş nazirdən aldığı ən böyük dəstəkdir. Ərdoğan bizim uşaqları himayəyə götürüb. Təkcə vəqfimizdə 200, erməni cəmiyyətlərinin nəzdindəki məktəb və yataqxanalarda isə təxminən 2 min uşaq bu mərkəzdən əldə edilən gəlirlə təhsillərini davam etdirəcək”.